BAKI,TurkicWorld
17 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edərək təşkilatın prezidenti, professor Aktotı Raimkulova ilə görüşüb. Ziyarət çərçivəsində millət vəkili təşkilatın mənzil-qərargahı və Fond tərəfindən nəşr olunan layihələr, həmçinin Türk dünyasının zəngin mədəni irsinin təbliği istiqamətində görülen işlərlə yaxından tanış olub.
Görüşdə sentyabr ayında keçirilməsi nəzərdə tutulan Bakı İqlim Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun iştirakı məsələlərinə toxunulub.
Nigar Arpadarai ilk dəfə olaraq tədbirin proqramında mədəni irs və ekologiya mövzularının bir araya gətirilməsini təqdirəlayiq təşəbbüs kimi qiymətləndirərək, bu yanaşmanın iqlim gündəliyinə mədəni irs aspektindən yeni baxış təqdim etdiyini bildirib.
Tərəflər həmçinin Fondun son dövrlərdə həyata keçirdiyi disiplinlərarası təşəbbüslər barədə geniş fikir mübadiləsi aparıblar. Söhbət zamanı mədəni irsin ətraf mühitin qorunması, şəhərsalma və davamlı inkişaf kimi sahələrlə əlaqələndirilməsinin müasir dövrün çağırışlarına cavab verən mühüm istiqamətlərdən biri olduğu vurğulanıb və bu xüsusda Fondun fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi ilə yekunlaşıb.







