Türkiyə kosmos sektorunu inkişaf etdirmək istiqamətində fəal şəkildə irəliləyir

Türkiyə kosmos sektorunu inkişaf etdirmək istiqamətində fəal şəkildə irəliləyir

Bakı. TurkicWorld:

Türkiyə kosmos sektorunu və müdafiə innovasiyalarını inkişaf etdirmək yolu üzrə davamlı olaraq irəliləyir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində səfirlikdə keçirilən qəbul zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə kosmosda əməkdaşlığın qlobal problemlərin həllinə töhfə verdiyinə inanmaqla yanaşı, texnologiya sahəsində liderliyə fəal şəkildə can atır.

O qeyd edib ki, ötən il Türkiyə dövlət büdcəsindən bu sahələrin inkişafına iki milyard ABŞ dollarına yaxın vəsait ayırıb ki, bu da ÜDM-in 0,4 faizinə bərabərdir.

Xatırladaq ki, oktyabrın 2-də Azərbaycan Respublikası Kosmik Agentliyi ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi işə başlayıb.

Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, sərmayədarların və özəl kosmik şirkətlərin, yerli və beynəlxalq medianın nümayəndələri, o cümlədən 101 ölkədən 5000-dən çox nümayəndə iştirak edir. Beynəlxalq Astronavtika Konqresində sərgi pavilyonunda 150 şirkət təmsil olunur.

Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.