Qazimiz Respublika Klinik Xəstəxanasında uğurlu əməliyyat keçirib

Qazimiz Respublika Klinik Xəstəxanasında uğurlu əməliyyat keçirib

Bakı. TurkicWorld:

Qazimiz Respublika Klinik Xəstəxanasında uğurlu əməliyyat keçirib.

TurkicWorld-un məlumatına görə, qazimiz Qəbələ rayon Nic kənd sakini, 2000-ci il təvəllüdlü Qodakov Yeqor Vazgenoviç avtoqəza keçirməsi nəticəsində TƏBİB-in tabeliyində olan Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirilmişdir. Yeqor Vazgenoviç xəstəxananın Travmatologiya şöbəsinin uzman həkimi Türkel Hüseynoğlu tərəfindən müayinə edilib, xəstəyə sol baldır və sağ diz qapağı sümüklərinin qəlpəli yerdəyişən sınıqları diaqnozu qoyulub.

Xəstəyə sol qamış sümüyünə intramedulyar osteosintez və sağ diz qapağına veber üsulu ilə osteosintez cərrahi əməliyyatı olunub. Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova və Travmatologiya şöbəsinin uzman həkimi Türkel Hüseynoğluna minnətdarlığını bildirib.

Qeyd edək ki, II Qarabağ müharibəsi qazisi Qodakov Yeqor Vazgenoviç 2000-ci ildə Qəbələ rayonunun Nic kəndində anadan olub. Azərbaycanın Suqovuşan, Laçın və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yeqor Vazgenoviç “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” “Kəlbəcərin azad olunmasına görə” “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.