Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik - Azərbaycanın İrandakı səfiri

Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik - Azərbaycanın İrandakı səfiri

Bakı. Trend:

Azərbaycan səfirliyinə edilən hücum nəticəsində səfirliyin əməkdaşı Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirilib, 2 əməkdaş yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial media hesabında qeyd edib.

"Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm.

Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!", - deyə səfir bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.