Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi artıb

Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi artıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar ayının yekunlarına əsasən, Cənubi Qafqaz Boru Kəməri ilə 2022-ci ilin yanvar ayındakı 1,683 milyard kubmetrlə müqayisədə 1,895 milyard kubmetrdən artıq qaz nəql olunub.

TurkicWorld bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinə istinadən xəbər verir.

Beləliklə, Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə nəql bir il ərzində 12,6 faiz artıb. Onun payına 2023-cü ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql olunan qazın 45,4 faizi düşüb, ötən ilin analoji dövründə isə bu göstərici 45,8 faiz təşkil edib.

Bütünlükdə 2023-cü ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə təqribən 4,178 milyard kubmetr qaz nəql olunub və 2022-ci ilin yanvar ayındakı 3,675 milyard kubmetrlə müqayisədə bu, 13,7 faiz artım deməkdir.

CQBK 2006-cı ildən etibarən fəaliyyət göstərir və "Şahdəniz" yatağından Azərbaycan, Gürcüstan və Türkiyə üçün qaz nəql edir. Boru kəmərinin genişləndirilmiş hissəsindən kommersiya məqsədilə Türkiyəyə nəql 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabrında başlayıb.

CQBK-nin səhmdarları aşağıdakı kimidir: bp (29,99 faiz), LUKOIL (19,99 faiz), TPAO (19 faiz), SOCAR (14,35 faiz), NICO (10 faiz) və SGC (6,7 faiz).