Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi artıb

Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi artıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-oktyabr ayları ərzində Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) boru kəməri ilə 2022-ci ilin analoji dövründəki 17 milyard kubmetr ilə müqayisədə 18,2 milyard kubmetrdən artıq qaz nəql olunub.

TurkicWorld bu barədə Dövlət Statistika komitəsinə istinadən xəbər verir.

Beləliklə, Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz tədarükünün həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 6,7 faiz artıb.

Onun payına 2023-cü ilin hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql olunan qazın 55,2 faizi düşüb, ötən ilin analoji dövründə isə bu göstərici 53,8 faiz olub.

2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə təqribən 33 milyard kubmetr qaz nəql olunub ki, bu da ötən ilin göstəricisindən (31,7 milyard kubmetr) 4 faiz çoxdur.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) səhmdarları bunlardır: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).