Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat və əsaslı xərcləri dəfələrlə artıb

Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat və əsaslı xərcləri dəfələrlə artıb

Bakı. TurkicWorld:

2023-cü ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 20 milyon dollar, əsaslı xərcləri isə 2 milyon dollardan çox olub.

TurkicWorld bu barədə bp-yə istinadən xəbər verir.

2022-ci ilin birinci rübündə CQBK-nin əməliyyat xərcləri və əsaslı xərcləri müvafiq olaraq 14 milyon dollar və 0,3 milyon dollar olub. Beləliklə, ötən ilin analoji dövrü ilə müqayisədə əməliyyat xərcləri və əsaslı xərclər müvafiq olaraq 42,86 faiz və 6,6 dəfə artıb.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) səhmdarları bunlardır: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).