TANAP və Cənubi Qafqaz Boru Kəmərinin faydalı istifadə müddəti açıqlandı

TANAP və Cənubi Qafqaz Boru Kəmərinin faydalı istifadə müddəti açıqlandı

Bakı. TurkicWorld:

Trans-Anadolu Qaz Kəmərinin (TANAP) təxmini faydalı istifadə müddətinin 2062-cı ilədək davam edəcəyi gözlənilir.

TurkicWorld-in məlumatına görə, Cənubi Qafqaz Boru Kəmərinin 25 noyabr 2006-cı ildə istismara verildikdən sonra təxmin edilən faydalı istifadə müddəti otuz ildir.

Mühasibat uçotunda əsas vəsait obyektlərinin faydalı istifadə müddəti obyektin istifadəsinin təşkilata fayda (gəlir) gətirdiyi müddətdir. Bu müddət təşkilat tərəfindən obyektin mühasibat uçotuna qəbulu zamanı müəyyən edilir.

Qeyd edək ki, TANAP-ın ilkin ötürücülük gücü gələcəkdə 31 milyard kubmetrədək artırılma imkanı ilə ildə 16 milyard kubmetr qaz təşkil edir. Təqribən 6 milyard kubmetr qaz Türkiyəyə, qalanı isə Avropaya tədarük olunur.

TANAP boru kəmərinin Türkiyə ərazisində doldurumasına 2018-ci ilin yanvar ayının sonunda başlanılıb.

TANAP-ın açılış mərasimi 12 iyun 2018-ci ildə Türkiyənin Eskişehir vilayətində olub. Türkiyəyə qazın ilk kommersiya tədarükü 30 iyun 2018-ci ildə başladılıb. TANAP-ın Avropa ilə birləşdirilməsinin açılış mərasimi 30 noyabr 2019-cu ildə Türkiyənin Edirne əyalətinin İpsala bölgəsində olub.

Boru kəmərinin ötürücülük gücünün genişləndirilməsi üçün, ildə 24 milyard kubmetr həcmində ötürücülük gücünə nail olmaq məqsədilə bir neçə əlavə kompressor stansiyası lazımdır. 31 milyard kubmetr ötürücülük gücünə keçmək üçün yeddi kompressor stansiyası tələb olunacaq.

CQBK 2006-cı ilin sonundan fəaliyyət göstərir və "Şahdəniz" yatağından Azərbaycan üçün, Gürcüstan və Türkiyəyə qaz nəql edir. Boru kəmərinin genişləndirilmiş sahəsi ilə Türkiyəyə kommersiya tədarükü 2018-ci ilin iyun ayında, Avropaya kommersiya tədarükü isə 2020-ci ilin dekabrında başladılıb.