BAKI,TurkicWorld
İstismara verildiyi tarixdən indiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə 99,6 milyard kubmetr Azərbaycan qazı nəql edilib.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, nəqletmənin 39.6 milyard kubmetri Türkiyəyə ixrac edilib.
Bu gün "Şahdəniz-2" layihəsi çərçivəsində Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Azərbaycandan Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılmasından 8 il ötür.
Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyinin təmin edilməsində əvəzolunmaz infrastruktur layihəsi hesab olunur.
12 iyun 2018-ci il tarixində Türkiyədə TANAP-ın birinci fazası istifadəyə verilib. Bu boru kəməri ilə nəql olunan qaz Türkiyəyə və Avropaya ötürülür. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd. Kubmetr idisə, 2026-cı ildə bu göstəricinin 32 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. TANAP-la bu həcmin bir qismi Türkiyəyə tədarük olunur, qalan hissə isə Transadriatik boru kəməri vasitəsilə Avropaya yönəldilir.






