BAKI,TurkicWorld,Fərid Mikayılov
Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edərək iki ölkə arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığının dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, baş nazir qeyd edib ki, artıq ikinci dəfə təşkil olunan Forum hökumət və biznes dairələri arasında açıq dialoq, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platformadır.
O, Forum çərçivəsində aparılan müzakirələrin konkret investisiya təşəbbüslərinə və uzunmüddətli əməkdaşlıq layihələrinə çevriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Əli Əsədov bildirib ki, bir gün əvvəl Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib və ticarət-iqtisadi əlaqələrin gündəliyində duran əsas məsələlər müzakirə olunub. Bu gün isə hər iki ölkənin biznes dairələrinin nümayəndələri ilə bir araya gələrək yeni birgə investisiya təşəbbüslərinin reallaşdırılması üçün imkanlar dəyərləndirilir.
Baş nazir Azərbaycan–Türkiyə münasibətlərinin sarsılmaz qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslandığını, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında yüksək səviyyəli siyasi dialoqun iqtisadi əməkdaşlığın inkişafına möhkəm zəmin yaratdığını qeyd edib.
O bildirib ki, bu günədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollara yaxın sərmayə qoyub. Hazırda Azərbaycanda 4min 600-dən çox Türkiyə şirkəti, Türkiyədə isə 3 min Azərbaycan şirkəti fəaliyyət göstərir.
Əli Əsədov işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” layihələrinə və infrastrukturun bərpasına özəl investisiyaların cəlb edilməsinin prioritet olduğunu vurğulayıb. Onun sözlərinə görə, 20-yə yaxın Türkiyə şirkəti azad edilmiş ərazilərdə dəyəri təxminən 5 milyard dollar olan 50-yə yaxın layihə icra edir.
Baş nazir Orta Dəhlizin əhəmiyyətinin artdığını, son üç ildə bu marşrut üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcminin 90 faiz yüksəldiyini bildirib. Enerji sahəsində əməkdaşlığa toxunan Əsədov Bakı–Tbilisi–Ceyhan, TANAP və TAP layihələrinin regional enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini qeyd edib.
Çıxışda sənaye, texnologiya, müdafiə sənayesi, rəqəmsal iqtisadiyyat və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri də xüsusi vurğulanıb. Baş nazir Forumun Azərbaycan–Türkiyə iqtisadi tərəfdaşlığını yeni mərhələyə yüksəldəcəyinə əminliyini ifadə edib.





