BAKI,TurkicWorld
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 5,05 ABŞ dolları və ya 5,22% ucuzlaşaraq 91,68 ABŞ dollarına enib.
Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,66 dollar və ya 4,98% ucuzlaşaraq 88,88 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,11 dollar və ya 6,79% azalaraq 56,38 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,47 dollar və ya 5,98% azalaraq 85,96 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına əsasən, neftin qiyməti çərşənbə günü bir barel üçün 75 ABŞ dollarına doğru geriləyərək ardıcıl üçüncü sessiyada da ucuzlaşıb. Bildirilib ki, bununla da həftəlik eniş 10%-i ötüb.
"Qiymətlərə əsas təzyiq Hörmüz boğazının yenidən açılması ilə bağlı müvəqqəti razılaşmanın əldə olunacağına dair artan nikbinlik fonunda təklif perspektivlərinin yaxşılaşması göstərib.
Çərşənbə axşamı Qətər bəyan edib ki, bu məsələ ilə bağlı müvəqqəti təklif hazırlanıb. Həm Vaşinqton, həm də Tehran strateji əhəmiyyət daşıyan boğazda gəmiçiliyin bərpasına yönəlmiş danışıqlarda irəliləyiş əldə olunduğunu açıqlayıblar.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl diplomatiyaya imkan yaratmaq məqsədilə İrana qarşı planlaşdırılan hərbi əməliyyatı dayandırdığını bildirərək, eyni zamanda Hörmüz boğazının ən qısa zamanda yenidən açılmasının vacibliyini vurğulayıb.
Bu arada, İranın Avropa ölkələrinə boğazın minalardan təmizlənməsində iştirak etməyə icazə verilməsi ilə bağlı təklifi nəzərdən keçirdiyi bildirilir. Tehran həmçinin Omanla təhlükəsiz gəmiçilik marşrutlarının təmin olunması istiqamətində aparılan danışıqların irəlilədiyini açıqlayıb.
Səudiyyə Ərəbistanı da Qırmızı dənizdə münaqişənin daha da genişlənməsinin qarşısını almaq məqsədilə Oman vasitəçiləri ilə Yəməndəki husi hərəkatı arasında danışıqları davam etdirir", - məlumatda qeyd edilib.







