Son dəqiqə

Avropa İnvestisiya Bankı (AİB)

Yüksək karbohidrogen qiymətləri fonunda Azərbaycanın xarici mövqeyi güclənib - AİB

Bakı.TurkicWorld:

Azərbaycanın xarici mövqeyi yüksək karbohidrogen qiymətləri hesabına sabit olaraq qalır.

Asiya İnkişaf Bankının (AİB) "Asian Development Outlook" hesabatına görə, 2026-cı ilin birinci rübündə cari hesablar balansında 1,7 milyard dollar və ya ÜDM-in 9,5 faizi həcmində profisit qeydə alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici ÜDM-in 6,5 faizini təşkil edib.

"Xarici ticarətin həcmi 9,9 milyard dollar olub. Bunun 6 milyard dollarını ixrac, 3,9 milyard dollarını isə idxal təşkil edib. Əvvəlki illərdə olduğu kimi, neft və qaz ticarətindəki profisit digər mallar üzrə kəsiri kompensasiya edib və nəticədə ümumi ticarət balansında 2 milyard dollarlıq profisit yaranıb. Qeyri-neft-qaz ixracı 9,5 faiz, qeyri-neft-qaz idxalı isə 7,7 faiz artıb.

Xidmətlər üzrə ticarət balansı mənfi olaraq qalıb, lakin xidmətlər idxalının 7,2 faiz azalması ixracın 1,7 faiz azalmasından daha çox olduğundan kəsir 2025-ci ilin birinci rübündəki 0,8 milyard dollardan 0,6 milyard dollara qədər azalıb", - deyə bank bildirir.

Qeyd olunur ki, 2026-cı ilin ilk altı ayında suveren fondda və Mərkəzi Bankda saxlanılan məcmu valyuta ehtiyatları 0,6 milyard dollar artaraq 85,8 milyard dollara çatıb. Bu, ÜDM-in 113 faizinə bərabərdir və ölkənin xarici dövlət borcunun həcmini təxminən 19 dəfə üstələyir.

"Həmçinin Mərkəzi Bankın ehtiyatları 13,2 milyard dollar təşkil edib ki, bu da malların idxalının təxminən 10 ayını qarşılamağa imkan verir", - deyə hesabatda bildirilir.

AİB qeyd edir ki, zəif tələbat 2026-cı ilin ilk yarısında xərclərin artımı ilə şərtlənən inflyasiyanın azalmasına səbəb olub.

"Orta illik inflyasiya 2025-ci ilin ilk yarısındakı 5,9 faizdən 2026-cı ilin ilk yarısında 5,7 faizə enib. Buna ərzaq məhsullarının qiymətlərinin 6,7 faiz, digər malların 3,8 faiz, xidmətlərin isə 5,7 faiz artması səbəb olub. Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə karbohidrogenlərin qiymətlərinin artmasının ölkə daxilində qiymətlərin yüksəlməsinə səbəb olacağı gözlənilsə də, tələbatın azalması idxal qiymətlərindəki inflyasiyanın daxili qiymətlərə ötürülməsini zəiflədib.

2026-cı ilin qalan hissəsində karbohidrogen qiymətlərinin artmasının daxili iqtisadiyyata təsiri davam etdikcə inflyasiyanın yüksələcəyi gözlənilir. İnflyasiya gözləntilərinin artması fonunda Mərkəzi Bank pul-kredit siyasətinin yumşaldılması dövrünü dayandırıb və inflyasiya proqnozunu yüksəldib. 2026-cı ilin ikinci yarısında inflyasiyanın artacağı gözləntisini nəzərə alaraq, AİB 2026 və 2027-ci illər üzrə proqnozlarını yüksəldib", - deyə bank bildirib.

Vurğulanır ki, AİB Azərbaycanda inflyasiya proqnozunu 2026-cı il üçün 5,7 faizdən 5,9 faizə, 2027-ci il üçün isə 4,9 faizdən 5 faizə yüksəldib.

Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankının iyul ayında açıqladığı baza proqnozuna əsasən, 2026-cı ilin sonunda illik inflyasiyanın 6,1 faiz, 2027-ci ilin iyununda 6 faiz, 2027-ci ilin sonunda isə 5,8 faiz olacağı gözlənilir. Mərkəzi Bank illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından etibarən hədəf diapazonuna qayıdacağını proqnozlaşdırır.

Mərkəzi Bank bildirib ki, inflyasiya proqnozunun yüksəldilməsi əsasən orta müddətli perspektivdə müvəqqəti xarakter daşıyacağı gözlənilən xarici amillərin xərclərə birbaşa və dolayı təzyiqinin güclənməsi ilə əlaqədardır. Mərkəzi Bank həmçinin qeyd edib ki, 2026-cı ilin sonuna inflyasiya proqnozunun hədəf göstəricidən kənarlaşması proqnoz xətası çərçivəsində qalır.

Mövzuya görə xəbərlər