Bakı. TurkicWorld:
Asiya İnkişaf Bankı (AİB) 2025-ci ildə Asiya və Sakit okean regionunun dəyişikliklərə uyğunlaşmasına və çağırışları imkanlara çevirməsinə dəstək olmaq üçün öz vəsaitləri hesabına 29,3 milyard ABŞ dolları ayırıb və vacib institusional islahatlar həyata keçirib.
TurkicWorld xəbər verir ki, bu gün dərc olunan AİB-in 2025-ci il üzrə İllik Hesabatında mürəkkəb və qeyri-müəyyən şəraitdə keçən 2025-ci ildə bankın əməliyyatları, eləcə də institusional və maliyyə fəaliyyətinə dair əsas göstəricilər yer alır.
"2025-ci ildə AİB misli görünməmiş səviyyədə dəstək göstərib. Bu, 2024-cü il ilə müqayisədə 20% artım deməkdir. AİB-in ötənilki dəstəyi nəticəsində 3,3 milyondan çox iş yerinin yaradılması, həmçinin 180 milyondan çox insanın bu dəstəkdən yararlanması gözlənilir" — deyə AİB-in prezidenti Masato Kanda bildirib. "Bu, bankın Asiya və Sakit okean regionunun tələblərinə uyğun olaraq istənilən miqyasda və tezlikdə dəstək göstərmək qabiliyyətinə malik olduğunu nümayiş etdirir".
Hökumətlərə və özəl sektora ayrılan kreditlər, qrantlar, investisiyalar, zəmanətlər və texniki yardım illik müqayisədə 20% artaraq 29,3 milyard ABŞ dollarına çatmışdır. Ötənilki dəstəyimizə təkan vermək üçün tərəfdaşlarımız da əlavə olaraq 14,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmışdır.
Özəl sektorun inkişafı 2025-ci ildə AİB üçün əsas prioritetlərdən biri olmuş və bu istiqamət üzrə bankın ayırdığı vəsait 5,5 milyard ABŞ dolları təşkil etmişdir. Eyni zamanda özəl investisiyalar cəlb etmək üçün bankın dövlət sektoru üzrə ayırdığı vəsaitlərin yarısı birbaşa infrastrukturun inkişafına, islahatlara və qurumlara dəstək göstərmişdir. AİB özəl sektorun inkişafına dəstək vermək baxımından unikal imkanlara malikdir. Belə ki, bankın dövlət və özəl sektor üzrə əməliyyatları bir mərkəzdən, vahid hüquqi qurum və vahid maliyyə hesabatı əsasında fəaliyyət göstərir.
AİB Mərkəzi və Qərbi Asiya üzrə 8,3 milyard ABŞ dolları, Şərqi Asiya üzrə 1,4 milyard ABŞ dolları, Sakit okean regionu üzrə 680 milyon ABŞ dolları, Cənubi Asiya üzrə 9,7 milyard ABŞ dolları və Cənub-Şərqi Asiya üzrə 9 milyard ABŞ dolları, əlavə olaraq regional layihələr üçün 302 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır. Ən çox vəsait ayrılan üç əsas istiqamət maliyyə, nəqliyyat və dövlət sektorunun idarə olunması olmuşdur.
Asiya İnkişaf Bankı 2025-ci ildə inkişaf etməkdə olan üzv ölkələrə yüksək keyfiyyətli və daha məqsədyönlü dəstək göstərmək üçün mühüm institusional islahatları təsdiq etmişdir.
Bu islahatlara aşağıdakılar daxildir:
• Bankın kreditləşmə limitini aradan qaldırmaq və səhmdarlardan ümumi kapital artımı tələb etmədən maliyyələşdirmə imkanlarını 50% artırmaq məqsədilə bankın nizamnaməsinə dəyişiklik olunması;
• İnkişaf etməkdə olan üzv ölkələrdə enerji əlçatanlığına və enerji təhlükəsizliyinə daha yaxşı dəstək vermək üçün bank enerji siyasətini yenilənməsi;
• Bankın dəstəyində keyfiyyət, dayanıqlıq və vəsaitlərin səmərəli istifadəsinə nail olmaq üçün satınalma prosedurları sadələşdirilməsi;
• Bərpa olunan enerji və rəqəmsal texnologiyalar üçün zəruri olan materiallara tələbatdan məsuliyyətli və dayanıqlı şəkildə faydalanmaq məqsədilə kritik minerallardan istehsala qədər dəyər zəncirlərinin dəstəklənməsi üçün yeni yanaşma qəbul olunması.
AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.







