Son dəqiqə

Avropa İnvestisiya Bankı (AİB)

AİB-in investisiyaları Qərbi Balkanların iqtisadi modernləşməsinə təkan verir - Regional nümayəndə

Bakı, TurkicWorld

Avropa İnvestisiya Bankı (AİB) Aİ bankı olaraq layihələrini Aİ-nin Qərbi Balkan ölkələri üzrə siyasətləri ilə uyğunlaşdırır və bu layihələr daha ağıllı və sürətli nəqliyyat həlləri, daha təmiz bir ətraf mühit, yeni iş imkanları və əmək bazarının ehtiyaclarına uyğun müasir təhsil proqramları təmin etməklə bağlı müştərək hədəfimizi əks etdirir.

Bunu TurkicWorld-ə özəl müsahibəsində Avropa İnvestisiya Bankının (AİB) Qərbi Balkan Ölkələri üzrə Regional Mərkəzinin rəhbəri Damyan Sorel deyib.

"2010-cu ildən bəri, 11 milyard avrodan çox investisiya ilə biz Aİ dəyərlərini və standartlarını bütün layihələrimizdə tətbiq edə bilmişik və bu, insanların rifahı üçün uzunmüddətli və konkret faydalar təmin edib. Onlar, həmçinin, ölkələrin hətta üzvlükdən əvvəl Aİ standartlarını qəbul etməsinə və onlara uyğunlaşmasına, eləcə də, idarəetmənin yaxşılaşdırılmasına kömək edir.

İnkişaf Planının tətbiqinin genişləndirilməsi sayəsində, əsasən də ölkələrin nəzərdə tutulan 6 milyard avro həcmində maliyyə paketinə çıxış imkanı əldə etmək üçün həyata keçirməli olduqları islahat proqramları vasitəsilə, bu səylər daha da gücləndiriləcək. Aİ-nin Bərpa və Dayanıqlılıq Təşəbbüsünün uğuruna əsaslanaraq, AİB-in Qlobal Mexanizmi nəqliyyat, enerji, rəqəmsallaşma və insan kapitalının inkişafı kimi əsas sektorlarda layihələri dəstəkləməyə hazırdır", - o bildirib.

Onun sözlərinə görə, inkişaf etmiş texnologiyaları tam mənimsəmək üçün regional iqtisadiyyatlar əvvəlcə rəqəmsal transformasiyadan keçməlidir.

"Biz regionda maliyyələşdirdiyimiz layihələrdə rəqəmsallaşmanı dəstəkləyirik. Bu, bərpa olunan enerji istehsalından dəmir yolu, avtomobil yolu və hava nəqliyyatına nəzarət sistemlərinə, həmçinin, məktəblərə qədər sahələri əhatə edir. 2020-ci ildən bəri AİB-in Qlobal Mexanizmi həm özəl, həm də dövlət sektorunda rəqəmsal infrastruktur və bacarıqların artırılması üçün 200 milyon avro sərmayə qoyub. Eyni zamanda, Serbiyada 5G şəbəkəsinin tətbiqi və məktəblərdə genişzolaqlı internetin təmin edilməsi dəstəklənib. Bu investisiyalar məhsuldarlığı və rəqabət qabiliyyətini artıracaq, həmçinin, texnologiyaya yönəlmiş yeni birbaşa xarici investisiyaları cəlb etmək potensialına malikdir.

Eyni zamanda, yüksək texnologiyalara əsaslanan artımı stimullaşdırmaq üçün innovasiya ekosistemlərinin inkişafı vacibdir. Serbiyanın Niş, Belqrad və Novi Sad şəhərlərində AİB-in Qlobal Mexanizmi tərəfindən dəstəklənən elm və texnologiya parkları inkişaf edən innovasiya mühitinin yaradılması üçün universitetlər, özəl sektor və hökumət arasında əməkdaşlığın təşviqinin mükəmməl nümunələridir", - o bildirib.

Damyan Sorel qeyd edib ki, AİB Avropa Komissiyası ilə sıx əməkdaşlıq çərçivəsində, son dövrlərdə Serbiya, Şimali Makedoniya, Monteneqro və Albaniyada əsas dəmir yolu bölmələrinin müasirləşdirilməsi üçün dəyəri 1,5 milyard avrodan çox olan maliyyə paketlərini imzalayıb.

"Eyni zamanda, biz Serbiyada avtomobil yolu infrastrukturunun bərpasını və Sava və Dunay çayları boyunca daxili su yolları naviqasiyasının təkmilləşdirilməsini maliyyələşdiririk. Aİ-nin regiondakı ən iddialı nəqliyyat layihəsi Bosniya və Herseqovinada "VC dəhlizi" boyunca avtomagistralın tikintisidir.

İndiyə qədər, biz bu layihənin yeni hissələri üçün 1 milyard avrodan çox vəsait ayırmağı öhdəmizə götürmüşük və bu, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) kreditləri və 800 milyon avrodan çox Aİ qrantları ilə tamamlanır. Bu layihə regional əlaqəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla yanaşı, yol hərəkətinin təhlükəsizliyini və iqtisadi artımı gücləndirəcək", - o bildirib.

Onun sözlərinə görə, AİB enerji sektorunda, yeni bərpa olunan enerji layihələrini maliyyələşdirməklə yanaşı, mövcud obyektlərin müasirləşdirilməsini dəstəkləyərək, onların səmərəliliyini, etibarlılığını və gücünü artırır.

"Enerji sektorunda, yeni bərpa olunan enerji layihələrini maliyyələşdirməklə yanaşı, mövcud obyektlərin müasirləşdirilməsini dəstəkləyərək onların səmərəliliyini, etibarlılığını və gücünü artırırıq. Eyni zamanda, biz ən çox təsirə məruz qalan bölgələrdə işçi qüvvəsi, iqtisadiyyat və ətraf mühit üçün müsbət sosial-iqtisadi nəticələr təmin etməklə, kömürdən digər enerji mənbələrinə ədalətli keçidi dəstəkləməyi hədəfləyirik", - o bildirib.

Damyan Sorel vurğulayıb ki, Avropa İnvestisiya Bankının regiondakı prioritetləri Aİ-nin məqsədləri ilə tam şəkildə uzlaşır.

"Qərbi Balkan ölkələrində Bankın əsas diqqəti əlaqəliliyin dəstəklənməsi, bərpa olunan enerji istehsalı gücünün artırılması, iqlim dayanıqlığı, özəl sektor və insan kapitalının inkişafına yönəlib. Bizim fəaliyyətimiz Aİ-nin ən son İnkişaf Planı ilə uzlaşır. Bu Planın məqsədi Aİ-nin vahid bazarına qoşulmaq üçün şərtlərdən biri kimi regional bazarın inteqrasiyasının daha da möhkəmləndirilməsini hədəfləyir. 27 üzv dövlətə məxsus olan Aİ bankı olaraq, bütün fəaliyyətlərimizdə Aİ-nin siyasət və strategiyalarını rəhbər tuturuq. Biz maliyyələşdirdiyimiz layihələr vasitəsilə regionun Aİ-nin standartlarına uyğunlaşmasına kömək edir, keçmiş genişlənmə meyillərinə, eləcə də hazırkı üzvlük istiqamətindəki irəliləyişə qətiyyətli dəstəyimizi nümayiş etdiririk", - o bildirib.

Regional mərkəzin rəhbəri qeyd edib ki, müxtəlif sahələr üzrə mütəxəssislərlə təchiz olunmuş Belqraddakı regional mərkəz tərəfdaşlara praktiki dəstək göstərir.

"Bu dəstək Lüksemburqdakı xüsusi komandamız və Sarayevo, Tirana və Skopyedəki yerli ofislərimiz tərəfindən daha da gücləndirilir. Birlikdə, iqtisadiyyatları və infrastrukturu müasirləşdirmək, iş yerlərinin yaradılmasını təşviq etmək, regional inteqrasiyanı və Aİ-yə üzvlüyü dəstəkləməklə Aİ-nin genişlənmə siyasətinin həyata keçirilməsinə töhfə veririk.

"Mən "Team Europe" yanaşması çərçivəsində regionun tərəqqisini və beynəlxalq və yerli tərəfdaşlarımızla məhsuldar əməkdaşlığı müşahidə etməkdən məmnunluq duyuram", - o bildirib.

O bildirib ki, mövcud geosiyasi qeyri-sabitlik və qeyri-müəyyənliklər şəraitində strateji investisiyalara diqqət yetirmək olduqca vacibdir.

"Bu investisiyalar arasında, enerji sahəsində keçid Qərbi Balkan ölkələri üçün əsas prioritetdir, çünki bu region hələ də mədən yanacaqlarından yüksək dərəcədə asılıdır. Aşağı karbonlu iqtisadiyyata keçid məqsədilə, bərpa olunan enerji ehtiyatlarını daha çox qəbul edə bilmək üçün enerji ötürmə və paylama şəbəkəsinin genişləndirilməsi və müasirləşdirilməsi, həmçinin, səmərəli qanunvericilik bazasının yaradılması, enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi və regional enerji bazarının daha sıx inteqrasiyası tələb olunacaq", - o bildirib.

Aİ-nin iqlim bankı olaraq, AİB-in Qlobal Mexanizmi maliyyə və texniki dəstək, o cümlədən, Qərbi Balkan Ölkələrinə İnvestisiya Proqramı (WBIF) vasitəsilə yönləndirilən Aİ qrantları vasitəsilə enerji sektorunda dayanıqlı investisiyaların təşviqində mühüm rol oynayır.

"Məsələn, Bosniya və Herseqovinada Vlaşiç külək elektrik stansiyasının tikintisi üçün Aİ 36 milyon avro məbləğində AİB krediti və 21 milyon avro məbləğində qrantdan ibarət maliyyə paketi təqdim edib. Bu külək elektrik stansiyasının ildə 115 QVt-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da 20000 ev təsərrüfatının enerji tələbatına bərabərdir və hər il 140000 ton CO₂ emissiyasını aradan qaldıracaq.

Bundan əlavə, Priştinada gücü 100 MVtdc-a qədər olan günəş enerjisi layihəsinin tikintisi üçün 33 milyon avro məbləğində AİB krediti və 32 milyon avro məbləğində qrant ayrılacaq. İqtisadi məhdudiyyətlərə və məhdud fiskal imkanlara baxmayaraq, bu cür qarışıq maliyyə mexanizmləri regional iqtisadiyyatlara enerji keçidi məqsədlərinə nail olmaqda kömək edə bilər", - o bildirib.

D.Sorel qeyd edib ki, özəl sektor da təmiz enerji istehsalına investisiya etməyə təşviq edilməlidir.

"AİB-in Qlobal Mexanizmi və digər beynəlxalq maliyyə institutları bu istiqamətdə dəstək göstərə bilər. Kiçik və orta ölçülü müəssisələr (KOM-lar) artıq regionda AİB tərəfindən ayrılan xüsusi kreditlər vasitəsilə sərfəli maliyyə dəstəyi əldə edə bilərlər. Bu kreditlər, məsələn, istehsal xətlərinin günəş panelləri ilə təchiz olunması vasitəsilə karbon tullantılarının azaldılmasına və onların qlobal bazarda rəqabət qabiliyyətinin artırılmasına kömək edə bilər", - o bildirib.

Onun sözlərinə görə, Aİ-nin mövcud maliyyələşdirmə imkanlarına çıxış, əsasən, ölkələrin kamil layihələr və strategiyalar təqdim etmək bacarığından asılıdır.

"Bu layihə və strategiyaların Aİ standartlarına uyğun hazırlanmasına dəstək göstərmək üçün Avropa Komissiyası və Avropa İnvestisiya Bankı 2005-ci ildə "JASPERS" məsləhət proqramını yaradıb. Qərbi Balkan ölkələrində 2011-ci ildən fəaliyyət göstərən "JASPERS" proqramının ekspertləri 100-dən çox məsləhət tapşırığı üzərində işləyiblər. Bu fəaliyyətlər daha yaxşı avtomobil və dəmir yolları, içməli suya çıxış imkanının yaxşılaşması, təmiz enerji və inkişaf etmiş rəqəmsal infrastrukturun formalaşması ilə nəticələnib", - D.Sorel bildirib.

O son nümunələrdən biri kimi, Albaniya dəmir yolları üçün potensialın artırılması planının hazırlanmasını və Serbiyada Dunay çayındakı "I Dəmir Qapı" şlyuzunun bərpasını qeyd edib.

"Bankın əsas prioritetlərindən biri kapitalı məhsuldar investisiyalara yönləndirməklə şirkətlərə dəstək göstərməkdir. Bunun üçün həm Aİ bazarlarının, həm də regional bazarların daha da sıx inteqrasiyasına ehtiyac var, eyni zamanda, inkişafı və innovasiyanı təşviq edən aydın stimullar təmin edilməlidir. Ən son İnkişaf Planına əsaslanan Vahid Regional Bazarın yaradılması, şübhəsiz ki, irəliləyiş üçün doğru yoldur", - o bildirib.

D.Sorel qeyd edib ki, AİB öz daxili ekspertləri sayəsində, innovativ investisiyaların dəstəklənməsi sahəsində uğurlu təcrübəyə malikdir ki, bu da özəl kapitalı cəlb etməyə kömək edir.

"Məsələn, biz dənizdə yerləşən ilk külək elektrik stansiyalarını dəstəkləmişik. Bu, müvafiq dövrdə kommersiya bankları üçün həddən artıq riskli hesab edilən bir sektor idi. Bizim törəmə qurumumuz olan Avropa İnvestisiya Fondu (AİF) Avropanın ən böyük vençur kapitalı və özəl kapital investorlarından biridir və Avropanın "Skype", "Skyscanner" və "WeTransfer" kimi başlanğıc dəyəri milyard dolları ötən startaplarının yarıya yaxınını dəstəkləmişdir.

Qərbi Balkan ölkələrində biz Avropa Komissiyası ilə birlikdə KOM-lar üçün daha əlverişli maliyyələşdirmə mühiti yaratmaq və dayanıqlı səhm bazarı qurmaq məqsədilə bir sıra maliyyə alətlərini tətbiq etmişik. AİF vasitəsilə biz həmçinin regionda fəaliyyət göstərən səhm fondlarına investisiya edirik.

Maliyyə dəstəyindən əlavə, biz özəl sektorun innovativ layihələrinin yaranması və inkişafına şərait yaratmaq üçün texniki yardım göstərə bilirik. Məsələn, Serbiyada "Aİ üçün Yaşıl Gündəlik" təşəbbüsü şirkətlərə, bələdiyyələrə və qurumlara öz innovativ yaşıl layihələrini həyata keçirmək üçün yardım almaq imkanı yaradır. Bu proqram BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən Avropa İttifaqı, Serbiya hökuməti, İsveç səfirliyi və AİB ilə tərəfdaşlıq şəraitində həyata keçirilir. Nəhayət, xüsusi məsləhət mərkəzimiz olan Avropa Dövlət-Özəl Tərəfdaşlıq Ekspertiza Mərkəzi (EPEC) daha yaxşı dövlət-özəl tərəfdaşlıqların qurulmasına kömək edir", - o bildirib.

Mövzuya görə xəbərlər