BAKI,TurkicWorld
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəvəti ilə Azərbaycanda səfərdə olan Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndə heyətini qəbul edib.
TurkicWorld xəbər verir ki, nümayəndə heyətinə Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin sədri, Beynəlxalq Qadın Hüquqşünaslar Federasiyasının vitse-prezidenti, hüquqşünas və mediator Zübeydə Aksay rəhbərlik edib. Görüşdə Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Səbinə Əliyeva hüquqşünas qadınların peşəkar inkişafının dəstəklənməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi, hüquq və ədalət prinsiplərinin təşviqi istiqamətində Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Ombudsman qadın və uşaqların hüquqlarının müdafiəsi, gender bərabərliyinin təşviqi və ayrı-seçkiliyin qarşısının alınmasının Ombudsman təsisatının fəaliyyətinin əsas istiqamətləri sırasında olduğunu bildirib. Qadınların hüquqi maarifləndirilməsinin, bərabər imkanlarının genişləndirilməsinin və qərar qəbuletmə proseslərində iştirakının təşviq edilməsinin vacibliyi qeyd olunub.
Görüş zamanı qonaqlara Azərbaycanın hüquq sistemi, Ombudsman təsisatının fəaliyyəti və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verilib. Azərbaycanda qadın hüquqşünasların dövlət qurumları, məhkəmə sistemi, vəkillik və digər hüquq sahələrində geniş təmsil olunduğu da diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan və Türkiyə arasında mövcud dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin hüquq və insan hüquqları sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığını bildiriblər. İki ölkənin hüquq sistemləri arasında təcrübə və fikir mübadiləsinin genişləndirilməsi, qadın hüquqşünaslar arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Zübeydə Aksay səmimi qəbula görə təşəkkür edərək, rəhbərlik etdiyi Cəmiyyətin 1968-ci ildən fəaliyyət göstərdiyini və qadın hüquqşünasların peşəkar inkişafına, onların hüquq sahəsində fəal iştirakının təşviqinə və qadın hüquqlarının müdafiəsinə yönəlmiş təşəbbüslər həyata keçirdiyini bildirib.
Görüşdə qadın hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlar, hüquqşünas qadınların hüquq müdafiəsi fəaliyyətində rolunun artırılması, qarşılıqlı təcrübə mübadiləsi, birgə maarifləndirmə layihələri və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.







