Son dəqiqə

TAP

2021-ci ildən TAP vasitəsilə qaz tədarüklərinin həcmi məlum olub

Bakı. TurkicWorld:

31 dekabr 2020-ci ildə kommersiya istismarı başladıqdan sonra Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya 28 milyard kubmetrdən artıq qaz nəql olunub.

TurkicWorld xəbər verir ki, bunu TAP-ın icraçı direktoru Luka Skyepatti İtaliya mediasına müsahibəsində deyib.

O qeyd edib ki, İtaliyanın payına bu həcmin 23,5 milyard kubmetri düşür.

"TAP daşıma üzrə uzunmüddətli öhdəlikləri yerinə yetirməklə və qısamüddətli imkanları maksimallaşdırmaqla tədarüklərin etibarlılığını möhkəmləndirib və sistemin likvidliyini artırıb", - Skyepatti deyib.

İcraçı direktorun fikrincə, TAP-ın imkanlarının ikiqat artırılması enerji keçidini dəstəkləməyə imkan verəcək və eyni zamanda, davamlı və rəqabətqabiliyyətli tədarüklərin təhlükəsizliyini təmin edəcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Mövzuya görə xəbərlər