Bakı. TurkicWorld:
NATO-nun ikinci daimi mina əleyhinə qrupunun iki minaaxtaran gəmisi (SNMCMG2) İtaliya Hərbi Dəniz Qüvvələri və yerli hökuməti ilə Adriatik dənizinin dibində Trans-Adriatik Boru Kəmərinin (TAP) monitorinqi üçün sıx əməkdaşlıq edir.
TurkicWorld bu barədə təşkilata istinadən xəbər verir.
"Kritik sualtı infrastrukturun, o cümlədən, boru kəmərləri və rabitə kabellərinin bütövlüyünün müntəzəm monitorinqi həm enerji resurslarının ötürülməsini, həm də ölkələr arasında məlumat mübadiləsini təmin edir.
Təbii resursların təqribən üçdə biri sualtı kabellərlə nəql olunur. Azərbaycanın "Şahdəniz" qaz yatağından təbii qazı Avropaya tədarük edən TAP Avropa İttifaqının enerji siyasətində həlledici əhəmiyyət kəsb edir", - məlumatda deyilir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.