Qışda TAP vasitəsilə tədarük olunacaq qazın həcmi proqnozlaşdırılıb

Qışda TAP vasitəsilə tədarük olunacaq qazın həcmi proqnozlaşdırılıb

Bakı. TurkicWorld:

Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 2023-2024-cü il qış mövsümündə Avropaya qaz tədarükü gündəlik 32 milyon kubmetr olacaq.

TurkicWorld bu barədə Oksford Enerji Tədqiqatları İnstitutuna (OIES) istinadən xəbər verir.

"Azərbaycandan Avropaya TAP vasitəsilə ixrac Türkiyə-Yunanıstan sərhədində ölçmələrə görə gündəlik 30-34 milyon kubmetr diapazonu arasında olub, bu səbəbdən qışda tədarüklərin gündəlik 32 milyon kubmetr olacağını ehtimal edirik", - deyə OIES-dən bildiriblər.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.