Son dəqiqə

TAP

TAP hidrogen tədarükü üzrə sınaqlara hazırlaşır

Bakı. TurkicWorld:

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu bu ay hidrogen tədarükü ilə bağlı sınaqlar keçirəcək.

Bu barədə TurkicWorld-un sorğusuna cavab olaraq TAP AG konsorsiumundan bildiriblər.

"Boru kəməri ilə təbii qaz və hidrogen qarışığının nəqli üçün texniki imkanın qiymətləndirilməsi prosesindəyik. 2021-ci ildə keçirilən tədqiqatın yekunlarına görə təsdiq olunub ki, TAP potensial olaraq hidrogen qarışığını nəql edə bilər. Obyektlərimizin sınaqdan keçirilməsinə bu ay başlayacağıq və boru kəmərinin dəniz hissəsi ilə ilk nəticələrin 2024-cü ilin ikinci rübünün əvvəlinə əldə olunacağını gözləyirik", - deyə konsorsiumdan bildiriblər.

Bundan başqa, TAP AG-dən bildiriblər ki, konsorsiumun məqsədi hidrogenin ilkin olaraq təbii qazla qarışıq formasında nəqlini təmin etmək məqsədilə infrastrukturun inkişafı təşkil edir.

"Hidrogen konsentrasiyasının hidrogen bazarının inkişafına və müvafiq tələbə, eləcə də həm Avropa İttifaqı (Aİ), həm də üzv dövlətlər səviyyəsində normativ bazanın inkişafına uyğun olaraq tədricən artacağını nəzərdə tuturuq", - deyə konsorsiumdan əlavə ediblər.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

Mövzuya görə xəbərlər