Son dəqiqə

Energetika naziri Masdar rəhbərliyi ilə görüşüb Biləsuvar GES layihəsinin icrası sürətləndiriləcək Azərbaycan və Masdar bərpaolunan enerji əməkdaşlığını genişləndirir 760 MVt günəş və 200 MVt külək layihələri müzakirə edilib Yaşıl enerjinin Avropaya ixracı perspektivləri dəyərləndirilib Regional enerji bağlantıları gündəmdə

Energetika naziri “Masdar”ın baş icraçı direktoru ilə enerji layihələrini müzakirə edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Energetika naziri Pərviz Şahbazov “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüşdə “Masdar” şirkəti ilə günəş və külək enerjisi istiqamətində uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub. Hazırda Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan günəş enerjisi layihələrinin, eləcə də Abşeron və Qaradağ rayonlarında 200 MVt-dan çox gücdə külək enerjisi layihələrinin icra vəziyyəti nəzərdən keçirilib.

Layihələrin həyata keçirilməsi istiqamətində hökumət və şirkət arasında sıx əməkdaşlıq yüksək qiymətləndirilib. İlin sonunadək regionda ən böyük günəş enerjisi layihəsi hesab olunan 445 MVt gücündə “Biləsuvar” Günəş Elektrik Stansiyasının istismara verilməsi planı çərçivəsində işlərin sürətləndirilməsi razılaşdırılıb.

Görüş zamanı Azərbaycanın regional enerji bağlantıları təşəbbüsləri də müzakirə olunub. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrasının Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb. Elektrik enerjisinin, o cümlədən “yaşıl enerji”nin Avropaya ixracı üzrə yeni interkonnektor layihələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, qlobal enerji mənzərəsində elektrik enerjisinə artan tələbat yeni istehsal və ötürmə güclərinin yaradılmasını zəruri edir. Bu kontekstdə Azərbaycanın həm regional ixrac marşrutlarının inkişafı, həm də daxili tələbatın – o cümlədən süni intellekt və data mərkəzləri kimi yeni istiqamətlərin enerji təminatı üçün layihələr həyata keçirməsi strateji prioritet kimi qiymətləndirilib.

Görüşdə “Masdar” şirkətinin Azərbaycanda icra etdiyi və planlaşdırdığı layihələrin regional əhəmiyyəti xüsusi qeyd olunub, tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi niyyəti ifadə edilib.