Son dəqiqə

Azərbaycan Dəmir Yolları QSC ADY

Bakı–Tbilisi–Bakı qatarına bilet satışının müddəti artırılıb

BAKI,TurkicWorld

"Azərbaycan Dəmir Yolları" (ADY) Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə bilet satış müddətini artırıb.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, dəyişiklik sərnişin məmnuniyyətinin artırılması, artan tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilib.

Məlumata əsasən, yeni mexanizm çərçivəsində satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır. Hazırda sərnişinlər üçün əvvəlki 30 gün əvəzinə 44 günlük bilet satışı açıqdır. Satış pəncərəsi növbəti günlərdə mərhələli şəkildə genişləndirilərək 90 günə çatdırılacaq.

Qeyd olunub ki, yenilik sərnişinlərə turizm, işgüzar səfərlər və ailə ziyarətləri ilə bağlı planlarını daha erkən qurmağa imkan verəcək. Eyni zamanda, satış müddətinin uzadılması ADY-yə sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmağa, zərurət yarandıqda əlavə vaqonların qoşulması və digər əməliyyat qərarlarının vaxtında həyata keçirilməsinə şərait yaradacaq.

ADY-dən bildirilib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reysin təşkili istiqamətində işlər də davam etdirilir. Əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqlarını başa çatdırması ilə əlaqədar zəruri texniki və əməliyyat tədbirləri həyata keçirilir.

Mövzuya görə xəbərlər