Son dəqiqə

ADY

ADY-də yeni rəqəmsal idarəetmə sisteminin tətbiqi üçün tender elan edildi

Bakı,TurkicWorld

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) rəqəmsal transformasiya proqramı çərçivəsində SAP S/4HANA ERP sisteminin hazırlanması və tətbiqi üzrə beynəlxalq tender elan edilib. Layihənin icrası üçün nəzərdə tutulan müqavilə sistemin layihələndirilməsini, mövcud informasiya sistemləri ilə inteqrasiyasını, məlumatların köçürülməsini və tam istifadəyə verilməsini əhatə edir.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) tenderlər bölməsində məlumat dərc edilib.

Məlumata görə, tender "Azərbaycan Dəmir Yolları" QSC-nin Rəqəmsal Transformasiyası Layihəsi çərçivəsində həyata keçirilir. Layihə AİB-in 4497 nömrəli krediti hesabına maliyyələşdirilir və ayrılmış vəsaitin bir hissəsi SAP S/4HANA ERP sisteminin satın alınması və tətbiqi üzrə müqavilənin ödənişlərinə yönəldiləcək.

Tender çərçivəsində qalib şirkət ADY-də biznes metodologiyalarını hazırlamalı, həllin arxitekturasını layihələndirməli və SAP S/4HANA ERP sistemini tam şəkildə tətbiq etməlidir. Bu prosesə sistemin konfiqurasiyası, xüsusi proqram təminatı komponentlərinin hazırlanması, mövcud sistemlərlə inteqrasiya, məlumatların miqrasiyası, sınaqların keçirilməsi, son istifadəçilərin təlimi və sistemin istismara verilməsi daxildir.

Bundan əlavə, təchizatçı sistem istifadəyə verildikdən sonra onun sabit fəaliyyətinin təmin edilməsi, texniki dəstək və ilkin istismar dövründə yaranan problemlərin aradan qaldırılmasına görə də məsuliyyət daşıyacaq. Müqavilə çərçivəsində təklif olunan həll üçün zəruri olan bütün SAP proqram təminatı lisenziyaları, abunəliklər və digər istifadə hüquqları da təchizatçı tərəfindən təmin edilməlidir.

Müqavilənin icra müddəti ilkin hazırlıq mərhələsindən sistemin ilkin istismar dəstəyinin başa çatmasına qədər 18 ay müəyyən edilib. Sistemin ən geci 15-ci ayın sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Sonrakı 16–18-ci aylar ərzində ilkin istismar və sabitləşdirmə dəstəyi göstəriləcək. Bu mərhələdən sonra daha 12 aylıq zəmanət çərçivəsində texniki dəstək təmin olunacaq. Beləliklə, müqavilənin ümumi müddəti 30 ay təşkil edəcək.

Tender AİB-in satınalma qaydalarına uyğun olaraq beynəlxalq açıq rəqabətli prosedur əsasında, əvvəlcədən ixtisas seçimi aparılmadan keçiriləcək. Qiymətləndirmə bir mərhələli, iki zərfli prosedurla həyata keçiriləcək. Təkliflərin yekun qiymətləndirilməsində texniki göstəricilərin çəkisi 80%, maliyyə göstəricilərinin çəkisi isə 20% təşkil edəcək. Yerli iştirakçılara üstünlük tətbiq olunmayacaq.

Tenderdə iştirak etmək istəyən şirkətlər son üç il üzrə auditdən keçmiş maliyyə hesabatlarını təqdim etməli və son hesabat ilinin yekununa əsasən müsbət xalis aktivlərə malik olmalıdırlar. İştirakçılar üçün son üç il üzrə orta illik dövriyyə tələbi minimum 4 milyon ABŞ dolları müəyyən edilib. Bundan başqa, tender iştirakçısının müqavilə üzrə pul vəsaitlərinin hərəkəti ehtiyaclarını qarşılamaq üçün ən azı 500 min ABŞ dolları həcmində likvid vəsaitə, kredit xəttinə və ya digər maliyyə resurslarına çıxışı olmalıdır.

Təcrübə tələbinə əsasən, iddiaçılar son beş il ərzində əsas təchizatçı qismində oxşar xarakterli və mürəkkəblikdə ən azı bir 10 milyon ABŞ dolları dəyərində və ya hər biri 5 milyon ABŞ dolları olmaqla iki müqaviləni uğurla tamamlamış olmalıdırlar.

Tender sənədlərini əldə etmək istəyən uyğun şirkətlər ADY-nin Satınalmalar üzrə Layihə İcra Qrupu ilə əlaqə saxlamalıdırlar. Sənədlərin ingilis dilində təqdim edilməsi üçün rəsmi blankda, səlahiyyətli şəxs tərəfindən imzalanmış yazılı müraciət göndərilməli və geri qaytarılmayan 100 ABŞ dolları və ya 170 manat məbləğində ödəniş edilməlidir. Ödənişdən sonra tender sənədləri elektron formada PDF faylı şəklində təqdim olunacaq.

Tender təkliflərinin təqdim edilməsi üçün son tarix 2027-ci il yanvarın 6-sı, saat 15:00-dır (Bakı vaxtı ilə). Təkliflər ADY-nin Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 230 ünvanında yerləşən baş ofisinə təqdim edilməlidir. İştirakçılar tender sənədlərində nəzərdə tutulan qaydada təklif təminatını da təqdim etməlidirlər. Təkliflərin açılması son təqdimetmə müddəti başa çatdıqdan dərhal sonra iştirakçıların nümayəndələrinin iştirakı ilə keçiriləcək. Gecikdirilmiş təkliflər qəbul edilməyəcək.

Mövzuya görə xəbərlər