Son dəqiqə

Azərbaycan Mərkəzi Bank AMB

Azərbaycanda inflyasiyaya təsir edən amillər açıqlanıb

BAKI,TurkicWorld

2026-cı ilin mart ayında cəmi məhsul və xidmətlər üzrə istehlakçı qiymətləri indeksi illik 5.6% artıb.

Qiymətləri dövlət tərəfindən tənzimlənən, həmçinin mövsümi xarakter daşıyan məhsul və xidmətlərin qiymət dəyişmələri nəzərə alınmadan hesablanan baza inflyasiya 2026-cı ilin mart ayında illik 5.5% təşkil edib.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, mart ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik inflyasiya 6.5% olub.

"Ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq qiymətlərinin inflyasiyaya töhfəsi dəyişməyərək 2.9% təşkil edib. Qida məhsulları üzrə inflyasiya əsasən süd və süd məhsulları, meyvələr üzrə olub. Bu məhsulların da qiymətində illik artım müvafiq olaraq 10.5% və 9.7% təşkil edib. Qeyri-qida məhsullarının qiyməti illik 3.7% yüksəlib. Bu məhsullar arasında isə ən yüksək qiymət artımı illik 36.6%-lə zərgərlik mallarında qeydə alınıb. Qeyri-qida məhsullarının ümumi inflyasiyaya töhfəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.7-dən 0.9 f.b-ə yüksəlib. Xidmət inflyasiyası 2026-cı ilin mart ayında illik 5.7% təşkil edibr. Əhaliyə göstərilən ödənişli xidmətlərin arasında mərkəzi isitmə (50%), təbii qaz təchizatı xidməti (5.3%), metro nəqliyyatı ilə sərnişin daşıma xidməti (20.0%) və hava nəqliyyatı ilə sərnişin daşıma xidməti (13.6%) üzrə qiymət indeksi illik əsasda daha çox artıb. 2026- cı ilin mart ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə xidmətlərin illik inflyasiyaya töhfəsi 2.3 faiz bəndindən 1.7 faiz bəndinə enib", - məlumatda qeyd edilib.

"2026-cı ilin mart ayında istehlak səbətinə daxil olan 566 adda mal və xidmətdən 117-sinin qiyməti illik olaraq 4%- dən çox yüksəlib. Bahalaşan məhsulların 65%-də qiymət artımı 6%-dən aşağı olub. Səbətdəki 7.1% məhsul və xidmətin qiymətləri azalıb.

Ümumilikdə, qlobal və daxili mühitdə baş verən bir sıra proseslər inflyasiyanın formalaşmasına təsir göstərib. Belə ki, Mərkəzi Bankın qiymətləndirmələrinə görə illik inflyasiyaya dövlət istehlakı və ev təsərrüfatlarının istehlakı birlikdə 1.58 faiz bəndi, kənd təsərrüfatı istehsalçıları qiymətləri 1.93 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 2.63 faiz bəndi və Nominal Effektiv Məzənnə (NEM) 1.30 faiz bəndi artırıcı, digər amillər isə (inflyasiya gözləntiləri və s.) 1.85 faiz bəndi azaldıcı təsir göstərib", - məlumatda vurğulanıb.

Mövzuya görə xəbərlər