BAKI. TurkicWorld:
Bakıda IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçirilib və tədbirdə Türk dövlətləri arasında texnologiya, innovasiya və mühəndislik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
TurkicWorld xəbər verir ki, Türk Mühəndislər Dərnəyinin təşkilatçılığı və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) tərəfdaşlığı ilə baş tutan zirvədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən mühəndislər, akademiklər, dövlət rəsmiləri və iş adamları iştirak ediblər.
Tədbirdə ortaq texnologiyalar, mühəndislik təhsili, süni intellekt, enerji, kibertəhlükəsizlik, müdafiə sənayesi və dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Zirvənin açılış mərasimində Türk Mühəndislər Dərnəyinin sədri Yaşar Yekebağcı, KOBİA sədri Orxan Məmmədov, ASK prezidenti Məmməd Musayev, TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, Türkiyə Kamu-Sen Genel Başkanı Önder Kahveci, AK Parti Xarici Əlaqələr üzrə sədr müavini Levent Ali Yıldız, millət vəkilləri Şamil Ayrım və Yaşar Yıldırım, eləcə də digər rəsmi şəxslər çıxış ediblər.
Zirvə çərçivəsində “Türk Dünyasında Ortaq Mühəndislik Təhsili”, “Müdafiə Sənayesi”, “Enerji, Mühəndislik və Dayanıqlılıq”, “Zəlzələyə Dayanıqlı Tikililər”, “Türk Dövlətlərində Kibertəhlükəsizlik” və “Türk Dünyası Süni İntellekt” mövzularında panel və sessiyalar təşkil olunub.
Sessiyalarda müxtəlif ölkələrdən professorlar, mühəndislər və sahə mütəxəssisləri çıxış edərək təcrübələrini bölüşüb, Türk dünyasında elmi-texnoloji inteqrasiyanın perspektivlərini müzakirə ediblər.
Tədbir çərçivəsində iştirakçılar arasında B2B görüşlər, universitet və sənaye müəssisələrinə ziyarətlər, eləcə də Bakı şəhər turu təşkil olunub.
Zirvənin əsas məqsədinin Türk dünyasında elmi və texnoloji əməkdaşlığı genişləndirmək, ortaq layihələrin hazırlanmasına dəstək vermək və mühəndislər arasında beynəlxalq əlaqələri gücləndirmək olduğu bildirilib.







