Son dəqiqə

İqtisadiyyat Nazirliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov

Vergi yükü azalır, yoxsa artır? – Rəsmi açıqlama

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti-nin baş idarə rəisi Nicat İmanov vergi qanunvericiliyində edilən son dəyişikliklərlə bağlı ictimaiyyətdə yaranan yanlış təsəvvürlərə aydınlıq gətirib.

TurkicWorld xəbər verir ki, o, Bakıda keçirilən Vergi və Mühasibatlıq Zirvəsi zamanı bildirib ki, bu dəyişikliklərin əsas məqsədi vergi yükünü artırmaq deyil, onu optimallaşdırmaq və biznes mühitini daha əlverişli etməkdir.

İmanovun sözlərinə görə, muzdlu gəlirlər üzrə tətbiq edilən yeni yanaşma daha yumşaq və mərhələli vergi rejiminin formalaşmasına xidmət edir. Bu isə vətəndaşların vergi öhdəliklərinin daha balanslı şəkildə tənzimlənməsinə imkan yaradır.

Kirayə gəlirləri ilə bağlı məsələyə də toxunan rəsmi bildirib ki, bu sahədə yaranan narahatlıqlar əsassızdır. Onun sözlərinə görə, kirayə gəlirləri əvvəllər də vergiyə cəlb olunurdu və tətbiq edilən dərəcə 14 faiz idi. Yeni dəyişikliklərə əsasən isə bu göstərici 10 faizə endirilib. Bu addımın məqsədi kirayə bazarında vergi yükünü azaltmaq və gəlirlərin leqallaşdırılmasını təşviq etməkdir.

Bundan əlavə, vergi nəzarətində tətbiq edilən üfüqi monitorinq mexanizmi barədə də məlumat verilib. Qeyd olunub ki, bu sistem yeni yoxlama növü deyil və könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Bu mexanizmə qoşulan vergi ödəyicilərinin riskləri sığortalanır və həmin dövr ərzində səyyar vergi yoxlamaları aparılmır.

Sonda vurğulanıb ki, həyata keçirilən bu yeniliklər vergi orqanları ilə sahibkarlar arasında etimadın gücləndirilməsinə, şəffaflığın artırılmasına və ölkədə biznes mühitinin daha da inkişafına xidmət edir.

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA Vergi və Mühasibatlıq Zirvəsinin rəsmi media tərəfdaşıdır.

Mövzuya görə xəbərlər