Bakı. TurkicWorld:
Macarıstanın "MOL Group" şirkətinin Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə xam neft hasilatı 2025-ci ilin dördüncü rübündə günə 15,200 barel neft ekvivalenti (boepd) səviyyəsinə yüksəlib ki, bu da 2024-cü ilin dördüncü rübündəki 13, 100 boepd göstəricisi ilə müqayisədə 16 faiz çoxdur.
TurkicWorld bu barədə şirkətin son məlumatlarına istinadən xəbər verir.
2025-ci ilin üçüncü rübü ilə müqayisədə (həmin vaxt hasilat 13,200 boepd təşkil edib) dördüncü rübdə bu göstərici 15,2 faiz artıb.
2025-ci ilin yekunlarına görə, hasilat günə 13,400 boepd təşkil edib. Bu göstərici əvvəlki ilin 12 700 boepd səviyyəsi ilə müqayisədə 5,5 faiz artım anlamına gəlir.
bp şirkətinin məlumatına əsasən, 1997-ci ilin noyabrında kommersiya işlənməsinə başlanıldığı vaxtdan 2025-ci ilin sonunadək AÇG yataqlar blokundan ümumilikdə təxminən 4,6 milyard barel neft hasil olunub.
Həmin dövrdə 61 milyard kubmetr səmt qazı ixrac edilib.
2025-ci ildə orta illik hasilat günə təxminən 330 000 barel (təxminən 120 milyon barel və ya 16 milyon ton) təşkil edib. Platformalar üzrə göstəricilər belə olub: "Çıraq" – günə 21 000 barrel, "Mərkəzi Azəri" – günə 90 000 barrel, "Qərbi Azəri" – günə 76 000 barrel, "Şərqi Azəri" – günə 43 000 barrel, "Dərin Sulu Günəşli" – günə 51 000 barrel, "Qərbi Çıraq" – günə 24 000 barrel və "Mərkəzi Şərqi Azəri" (ACE) – günə 25 000 barrel.
"BP Exploration (Caspian Sea) Limited" AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi (PSA) iştirakçıları adından operator qismində çıxış edir.
AÇG layihəsində iştirak payları aşağıdakı kimidir:
bp – 30,37%, SOCAR – 31,65%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73%, ITOCHU – 3,65%, ONGC Videsh – 2,92%.







