Bakı,TurkicWorld
1997-ci ilin noyabrında sənaye üsulu ilə işlənməyə başlanmasından 2026-cı ilin üçüncü rübünün sonunadək Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan təxminən 4,7 milyard barel neft hasil edilib
Bu barədə bp-nin hesabatında deyilir.
Həmin dövrdə yataqdan hasil edilən təxminən 63 milyard kubmetr səmt qazı da dövlətə təhvil verilib.
2026-cı ilin ilk doqquz ayında AÇG-də neft hasilatı təxminən 87 milyon barel təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 89 milyon barel olub. Beləliklə, neft hasilatı illik müqayisədə 2,25 faiz azalıb.
"2026-cı ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (18 800), Mərkəzi Azəri (84 600), Qərbi Azəri (72 000), Şərqi Azəri (45 700), Dərinsulu Günəşli (46 700), Qərbi Çıraq (25 300) və ACE (26 900) platformalarından birlikdə – gündə orta hesabla 320 000 barel və ya ümumilikdə təxminən 87 milyon barel, yəni 12 milyon ton olub.
Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 154 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub" - deyə bp-nin hesabatında qeyd olunub.
AÇG üzrə hasilatın pay bölgüsü sazişinin iştirakçıları adından layihənin operatoru BP Exploration (Caspian Sea) Limited şirkətidir.
AÇG layihəsində iştirak payları aşağıdakı kimi bölüşdürülüb: bp (operator) – 30,37%, SOCAR – 35,30%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73% və ONGC Videsh – 2,92%.







