Bakı,TurkicWorld
2027-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi üzrə mənfəət vergisindən dövlət büdcəsinə 320 milyon manat, "Şahdəniz" layihəsi üzrə isə 1 milyard 420 milyon manat daxilolma proqnozlaşdırılır.
Bu barədə 2027-ci ilin dövlət büdcəsinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, AÇG layihəsi üzrə mənfəət vergisi daxilolmaları 2026-cı ilin proqnozu ilə müqayisədə 20 milyon manat və ya 6,7 faiz, 2025-ci ilin faktiki icrası ilə müqayisədə isə 28,3 milyon manat və ya 9,7 faiz çox olacaq.
2027-ci ildə AÇG layihəsi üzrə gündəlik xam neft hasilatının 316,4 min barel təşkil edəcəyi gözlənilir. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 1,7 min barel və ya 0,5 faiz azdır.
Hasilatın azalmasına baxmayaraq, mənfəət vergisi daxilolmalarının artması xam neftin qiymətinin dövlət büdcəsində 75 ABŞ dolları səviyyəsində götürülməsi, həmçinin əməliyyat xərclərinin 16,3 faiz, kapital xərclərinin isə 3,3 faiz azalması ilə əlaqələndirilir.
"Şahdəniz" layihəsi üzrə mənfəət vergisi daxilolmalarının isə 2026-cı ilin proqnozu ilə müqayisədə 180 milyon manat və ya 11,3 faiz, 2025-ci ilin faktiki icrası ilə müqayisədə 840,3 milyon manat və ya 37,2 faiz azalacağı gözlənilir.
Layihə üzrə vergi daxilolmalarının azalması kondensat və təbii qaz hasilatının aşağı düşməsi, eləcə də təbii qazın Avropa HUB qiymətinin daha aşağı səviyyədə proqnozlaşdırılması ilə izah olunur.
Belə ki, 2026-cı ilin proqnozu ilə müqayisədə "Şahdəniz" üzrə kondensat hasilatının 0,5 milyon barel və ya 1,7 faiz, təbii qaz hasilatının isə 0,2 milyard kubmetr və ya 0,7 faiz azalacağı gözlənilir. Eyni zamanda, təbii qazın Avropa HUB qiyməti 30 ABŞ dolları və ya 6,8 faiz aşağı götürülüb.
2025-ci ilin faktiki icrası ilə müqayisədə isə kondensat hasilatının 3,3 milyon barel (10,4 faiz), təbii qaz hasilatının 0,6 milyard kubmetr (2,2 faiz) azalacağı, Avropa HUB qiymətinin isə 73,8 ABŞ dolları (15,3 faiz) aşağı olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 20 sentyabr 1994-cü ildə 7 ölkədən 11 beynəlxalq neft şirkətinin iştirakı ilə AÇG yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında 30 illik Saziş imzalanıb. İlkin mərhələdə AÇG-dən 500 milyon ton neft hasil edilməsi hədəfi müəyyənləşdirilib.
2017-ci il sentyabrın 14-də AÇG üzrə saziş dəyişdirilərək yenidən işlənib və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb. Yenilənmiş sazişlə AÇG-nin işlənmə müddəti 2050-ci ilin sonunadək uzadılıb. Eyni zamanda, SOCAR-ın iştirak payı 11,65 faizdən 25 faizə yüksəldilib və Azərbaycana çatacaq mənfəət neftinin payı 75 faiz müəyyən edilib.
2019-cu il aprelin 19-da isə "Azəri-Mərkəzi-Şərqi" (ACE) layihəsi üzrə yekun investisiya qərarı qəbul olunub. ACE platformasından ilk neft 2024-cü il aprelin 16-da hasil edilib. Layihənin istismar müddəti ərzində 300 milyon barel neft hasil edilməsi hədəflənir.
Məlumatda qeyd olunur ki, 2024-cü il sentyabrın 20-də AÇG-dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb. 2026-cı il iyunun 1-dən isə AÇG-də sərbəst təbii qaz hasilatına başlanılıb.
bp-nin məlumatına görə, 1997-ci ilin noyabrında sənaye üsulu ilə işlənməyə başlanmasından 2026-cı ilin üçüncü rübünün sonunadək Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan təxminən 4,7 milyard barel neft hasil edilib.
Həmin dövrdə yataqdan hasil edilən təxminən 63 milyard kubmetr səmt qazı da dövlətə təhvil verilib.
2026-cı ilin ilk doqquz ayında AÇG-də neft hasilatı təxminən 87 milyon barel təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 89 milyon barel olub. Beləliklə, neft hasilatı illik müqayisədə 2,25 faiz azalıb.
AÇG üzrə hasilatın pay bölgüsü sazişinin iştirakçıları adından layihənin operatoru BP Exploration (Caspian Sea) Limited şirkətidir.
AÇG layihəsində iştirak payları aşağıdakı kimi bölüşdürülüb: bp (operator) – 30,37%, SOCAR – 35,30%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73% və ONGC Videsh – 2,92%.
"Şahdəniz" yatağı isə Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə yerləşir və 140 kvadrat kilometrdən çox sahəni əhatə edir. 1999-cu ildə kəşf edilən yatağın ehtiyatları ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat təşkil edir.
Yatağın işlənməsi mərhələli şəkildə həyata keçirilib. 2003-cü ildə birinci mərhələ üzrə yekun investisiya qərarı verilib və 2006-cı ildə kommersiya hasilatına başlanılıb. 2013-cü ildə isə "Şahdəniz 2" layihəsi təsdiqlənib və 2018-ci ildən hasilata daxil olub.
Hazırda layihənin inkişafı növbəti mərhələdə – kompressiya layihəsi çərçivəsində davam etdirilir. 2,9 milyard dollar dəyərində olan bu layihə yataqda aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını artırmağı hədəfləyir və əlavə təxminən 50 milyard kubmetr qazın əldə olunmasına imkan yaradacağı gözlənilir.
Eyni zamanda, "Şahdəniz" layihəsi Azərbaycanda yerli sənaye potensialının və ixtisaslı kadrların inkişafına da mühüm töhfə verib. Layihə çərçivəsində minlərlə iş yeri yaradılıb, yerli tikinti və xidmət şirkətləri beynəlxalq enerji layihələrinə inteqrasiya olunub.
bp-nin məlumatına görə, "Şahdəniz" yatağının fəaliyyətdə olan infrastrukturunun hazırkı hasilat gücü sutkada təxminən 76,8 milyon standart kubmetr qaz və ya ildə təxminən 28 milyard kubmetr qaz təşkil edir.
"Şahdəniz" layihəsində iştirak payları aşağıdakı kimi bölüşdürülür: bp (operator) – 29,99 faiz, LUKOIL – 19,99 faiz, TPAO – 19 faiz, SGC – 16,02 faiz, NICO – 10 faiz, MVM – 5 faiz.







