Son dəqiqə

Azərbaycan Türkiyə Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi

Azərbaycan Türkiyə şirkəti ilə biznes imkanlarını müzakirə etdi

BAKI,TurkicWorld

Azərbaycan və Türkiyənin "Eczacıbaşı Holding" şirkəti arasında biznes sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Türkiyənin "Eczacıbaşı Holding"inin İdarə Heyətinin sədri Bülent Eczacıbaşı ilə görüşdə ölkələrimizin biznes sahəsində əməkdaşlığı, xarici investorlar üçün əlverişli biznes şərtləri və şirkətin səhiyyə, sənaye, maliyyə, informasiya texnologiyaları və digər sahələrdə Azərbaycanda potensial fəaliyyəti barədə fikirlərimizi bölüşdük", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 5,721 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 409,3 milyon ABŞ dolları və ya 6,7% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,58%-i həcmində olub. Bununla da Türkiyə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.

Ötən il Azərbaycandan Türkiyəyə 3,378 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 441,6 milyon ABŞ dolları və ya 11,6% azdır.

Dövr ərzində Türkiyəyə ixrac əməliyyatlarının 118 milyon ABŞ dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının payına düşüb. Bu dəyərdə sözügedən məhsulların həcmi isə 242,6 min ton təşkil edib. Əvvəlki ilin eyni dövründə Azərbaycandan Türkiyəyə sözügedən məhsulların ixracında dəyər ifadəsində 114,4 milyon ABŞ dolları və ya 49,2%, həcm baxımından isə 187,9 min ton və ya 43,6% azalma qeydə alınıb.

Eyni zamanda 2025-ci ildə Azərbaycandan Türkiyəyə 597,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü illə müqayisədə 55 milyon ABŞ dolları və ya 10,1% çoxdur. Azərbaycanın qeyri-neft məhsulları ixracında Türkiyənin payı 16,46% təşkil edib. Bununla da Türkiyə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında Rusiyadan sonra 2-ci pillədə qərarlaşıb.

Hesabat ilində Türkiyədən Azərbaycana isə 2,343 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illə müqayisədə 32,3 milyon ABŞ dolları və ya 1,4% artım deməkdir.

Mövzuya görə xəbərlər