Son dəqiqə

Azərbaycan Gürcüstan Bakı ASAN xidmət Rumıniya QDİƏT İKT Orta Dəhliz COP29 Qara dəniz Lazar Komanesku

Orta Dəhliz regional əməkdaşlığın dərinləşdirilməsi baxımından iqtisadi cəhətdən səmərəli marşrutlardan biridir - QDİƏT baş katibi

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Orta Dəhliz regional əməkdaşlığın dərinləşdirilməsi baxımından iqtisadi cəhətdən səmərəli marşrutlardan biridir.

Bunu TurkicWorld-a Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi, səfir Lazar Komanesku verdiyi özəl müsahibədə bildirib.

“Dünya üzrə regionlarla əməkdaşlığın dərinləşdirilməsi üçün təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutlar zəruridir və Orta Dəhliz belə marşrutlardan biridir. Bu, həm də iqlim şəraiti baxımından əlverişli olan daha qısa yoldur. QDİƏT qarşılıqlı əlaqəliliyin artırılmasına, eləcə də QDİƏT regionunu dünyanın qalan hissəsi ilə birləşdirən yüksək səmərəli və etibarlı marşrutların yaradılmasına yönəlmiş bütün təşəbbüsləri alqışlayır”, – deyə o qeyd edib.

QDİƏT-in qarşılıqlı əlaqəliliyin genişləndirilməsinin dəstəklənməsində oynadığı rola gəlincə, Komanesku bildirib ki, təşkilatın strateji çərçivə sənədi olan yeni “QDİƏT-in İqtisadi Gündəliyi” adlı sənəddə əməkdaşlığın prioritet istiqamətləri kimi gömrük, nəqliyyat və logistika standartlarının harmonizasiyası nəzərdə tutulub.

“Bu məqsədlə xüsusi işçi qruplarımız fəaliyyət göstərir və onlar ümumi maraq doğuran məsələləri mütəmadi olaraq müzakirə edir, onların həlli yollarını axtarırlar. Təşkilatımızın təsisçi dövlətlərindən biri olan Azərbaycan bu işçi qrupların fəaliyyətində fəal iştirak edir və regionun dayanıqlı inkişafına töhfə verir”,- deyə baş katib vurğulayıb.

Qara dənizin dibi ilə Avropaya “yaşıl” enerjinin nəqlini nəzərdə tutan sualtı kabel layihəsindən danışan Komanesku bu təşəbbüsün ən çox alqışlanan layihələrdən biri olduğunu qeyd edib.

“QDİƏT-in üç üzv dövlətinin – Azərbaycan, Gürcüstan və Rumıniyanın – bu mühüm layihədə iştirak etməsi QDİƏT-in və Qara dəniz regionunun enerji istehsalı, enerji təhlükəsizliyi və qarşılıqlı əlaqəlilik baxımından əhəmiyyətini bir daha təsdiqləyir. Məhz buna görə energetika QDİƏT çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biridir və QDİƏT-in İqtisadi Gündəliyinin 4-cü Məqsədi dayanıqlı energetika və Qara dəniz enerji bazarının inkişafına həsr olunub. Xüsusilə, QDİƏT-ə üzv dövlətlərin elektrik enerji sistemlərinin qarşılıqlı birləşdirilməsi layihələrinin həyata keçirilməsinə dəstək, eləcə də enerji sahəsində Avropa İttifaqı ilə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur”,- deyə o əlavə edib.

Komanesku həmçinin qeyd edib ki, QDİƏT qlobal tendensiyaları, tələbatları, prioritetləri və öhdəlikləri diqqətlə izləyir.

“Təşkilatın fəaliyyəti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və QDİƏT-in İqtisadi Gündəliyinə uyğun həyata keçirilir və eyni zamanda dünyanın yeni reallıqlarına uyğunlaşdırılır. Biz hesab edirik ki, ekoloji cəhətdən təmiz həllər daha sağlam icmaların formalaşmasına töhfə verir və bu prinsip əsasında fəaliyyət göstəririk. Bu kontekstdə bərpa olunan enerji mənbələrinə investisiyalar əsas istiqamətlərdən biridir. İqtisadi Gündəliydə müəyyən edilmiş QDİƏT-in prioritetlərindən biri “Dayanıqlı energetika və Qara dəniz enerji bazarının inkişafı”dır. 2018-ci ilin iyununda qəbul edilmiş “QDİƏT-in Yaşıl Enerji Strategiyası”na əsaslanaraq, 2050-ci ilə qədər QDİƏT regionunun “təmiz” enerji modeli kimi formalaşdırılması baxışına uyğun şəkildə üzv dövlətlər arasında bərpa olunan enerji mənbələrinin payının artırılmasına və enerji səmərəliliyinin yüksəldilməsinə yönəlmiş əməkdaşlığı təşviq edirik”, – deyə o vurğulayıb.

Komanesku bildirib ki, rəqəmsallaşma da QDİƏT-in fəaliyyətində mühüm aspektlərdən biridir.

“İnformasiya-kommunikasiya texnologiyaları (İKT), energetika, turizm, ticarət və nəqliyyat rəqəmsal transformasiya və rəqəmsal dövlət infrastrukturu üzrə birgə layihələrin hazırlandığı sahələrdən yalnız bir neçəsidir”, - deyə baş katib əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan QDİƏT-in bütün sahələr üzrə əsas tərəfdaşlarından biridir.

“QDİƏT çərçivəsində 19 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilat bütün üzv dövlətləri bu sahələrin hər birində fəal iştiraka təşviq edir. Şübhəsiz ki, Azərbaycan ərazisində iri qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirildiyi və ya planlaşdırıldığı mühüm nəqliyyat, logistika və enerji mərkəzidir. Azərbaycan digər sahələrdə də QDİƏT üçün vacib tərəfdaşdır. Məsələn, ətraf mühitin mühafizəsi sahəsində, bunun kulminasiya nöqtəsi 2024-cü ilin noyabrında Bakıda COP29-un keçirilməsi oldu. Azərbaycan hökumətinin dəvəti ilə QDİƏT BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının bu mühüm tədbirində ilk dəfə iştirak etdi. Effektiv idarəetmə və dövlət xidmətlərinin göstərilməsi də Azərbaycanın mühüm töhfə verdiyi istiqamətlərdəndir və bu sahə üzrə müvafiq QDİƏT işçi qrupuna Azərbaycan koordinasiya edir. ASAN mərkəzi vasitəsilə əldə olunan təcrübə digər QDİƏT üzv dövlətləri tərəfindən yüksək qiymətləndirilib. Mən şəxsən Bakıda ASAN mərkəzini ziyarət etmiş və onun təsirli xidmət sistemi və prinsipləri ilə tanış olmuşam. Turizm, mədəniyyət, təhsil, İKT, kiçik və orta biznes və digər sahələr Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsinin təşkilata əhəmiyyətli fayda gətirə biləcəyi istiqamətlərdir”, – deyə o bildirib.

Bundan əlavə, QDİƏT-in baş katibi regional planlaşdırmaya qarşılıqlı əlaqəlilik, ətraf mühitin mühafizəsi, eləcə də “yaşıl” və “mavi” iqtisadiyyat prinsiplərinin inteqrasiyasına çağırıb.

“Müasir geosiyasi mənzərə, əgər səylərimizin nəticələrindən maksimum dərəcədə faydalanmaq istəyiriksə, bütün maraqlı tərəflərin uzlaşdırılmış və koordinasiyalı fəaliyyətini tələb edir. QDİƏT birgə strateji məqsədlərin həyata keçirilməsinə töhfə verməyə hazır və qadirdir. Çoxtərəfli əməkdaşlıq zəifləməməli, əksinə, gücləndirilməlidir. Biz qarşılıqlı əlaqəlilik, ətraf mühitin mühafizəsi, “yaşıl” və “mavi” iqtisadiyyat prinsiplərini regional planlaşdırmamıza inteqrasiya etməliyik. Elmi ictimaiyyətləri dəstəkləməli, kommunikasiya kanallarını açıq saxlamalı və bütün Avropa və beynəlxalq tərəfdaşlarımızla tədqiqat tərəfdaşlıqlarını genişləndirməliyik. Ən əsası isə QDİƏT-in daha geniş regionunun bu cür kollektiv təşəbbüslərin həm benefisiarı, həm də iştirakçısı olmasını təmin etmək lazımdır.

Öhdəliklərimiz əvvəlki kimi sabitqədəmdir: Qara dənizin risk zonası deyil, imkanlar məkanı olması üçün bütün beynəlxalq və regional təşkilatlar, eləcə də digər tərəfdaşlarla əməkdaşlıq etmək. Qarşılıqlı əlaqəlilik, energetika, iqlim, ətraf mühitin mühafizəsi, mədəniyyət və turizm kimi sahələr bu baxımdan böyük imkanlar açır, çünki onlar bu tərəfdaşların əksəriyyətinin gündəliyində əsas yer tutur”, – deyə o izah edib.

Komanesku vurğulayıb ki, QDİƏT geniş Qara dəniz regionunda yeganə tamhüquqlu və ən qədim regional hökumətlərarası iqtisadi təşkilatdır.

“Təşkilat təxminən 20 milyon kvadratkilometr sahəni əhatə edən, yüksək geosiyasi əhəmiyyətə malik bir ərazini və təqribən 350 milyon nəfərlik bazarı özündə birləşdirir. Bu, regional və çoxtərəfli iqtisadi əməkdaşlıq üçün unikal və perspektivli platformadır. Tərkibinə dünyada müxtəlif məhsulların ən iri istehsalçı və ixracatçıları sırasında yer alan üzv dövlətlər daxildir. Regionun tarixi abidələri və gözəl təbiəti kimi digər resurslarını da unutmaq olmaz.

Eyni zamanda, regionumuz tarix boyu mürəkkəb olub. Müxtəlif dövrlərdə üzv dövlətlər arasında baş verən münaqişələr regionun iqtisadiyyatına mənfi təsir göstərib. Lakin bütün bu çətinliklərə baxmayaraq, dialoq heç vaxt kəsilməyib. QDİƏT sülhün, sabitliyin və rifahın təşviqi yolu ilə Qara dəniz xalqlarını birləşdirən platforma olmaqla yanaşı, geniş sahələr üzrə əməkdaşlıq üçün mühüm forum rolunu oynayır. Biz əminik ki, güclü, sabit və vahid region onun bütün sakinləri üçün faydalıdır və hesab edirəm ki, ölkələrimiz bunu yaxşı dərk edirlər. Həmişə yadda saxlamaq lazımdır ki, təhlükəsizliyin mühüm iqtisadi ölçüsü mövcuddur və iqtisadi əməkdaşlığın təşviqi və gücləndirilməsi təhlükəsizlik səviyyəsinin artırılmasının ən dəyərli və səmərəli yoludur”, - deyə o yekunlaşdırıb.

Mövzuya görə xəbərlər