Son dəqiqə

Naxçıvan AZAL Azərbaycan Hava Yolları Bakı hava şəraiti Uçuş təhlükəsizliyi

AZAL-ın Naxçıvan reysləri hava şəraiti səbəbindən Bakıya geri qayıdıb

BAKI,TurkicWorld

Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı–Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. Təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq olaraq 21:27 və 21:32-də uğurla eniş edib.

TurkicWorld xəbər verir ki, əlverişsiz hava şəraitinin bu gün də davam edəcəyi gözlənilir. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar plan üzrə icra olunacaq.

Son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Naxçıvanın dağlıq relyefi və coğrafi mövqeyi səbəbindən külək, görmə məsafəsinin məhdudlaşması və sürətlə dəyişən meteoroloji şərait bir çox hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir.

AZAL bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirir.

Məlumat “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilib.

Mövzuya görə xəbərlər