Bakı, TurkicWorld
Azərbaycan COP29-a inklüzivlik və şəffaflıq şəraitində ev sahibliyi etməyə sadiqdir.
TurkicWorld xəbər verir ki, bu barədə energetika nazirinin müavini, COP29-un icraçı direktoru Elnur Soltanov İspaniyanın aparıcı "EFE" agentliyinə müsahibəsində deyib.
E.Soltanov bildirib ki, Azərbaycan COP29-da ölkənin iqlim dəyişikliyinin qarşısını almaq səyləri ilə bağlı İkiillik Şəffaflıq Hesabatı (BTR) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) təqdim edəcək.
"Azərbaycan şəffaf və inklüziv iqlim dəyişmələri ilə mübarizə üzrə şəffaf və inklüziv tədbirlərin tərəfdarı olmaqla, "yaşıl" keçidi iqtisadi sabitlik arasında balans yaradır", - deyə o qeyd edib.
Bakıda keçirilən tədbirdən üç ay əvvəl E.Soltanov bildirib ki, Azərbaycanın COP29-a sədrliyinin əsas məqsədi iqlim dəyişmələri ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün bütün tərəflərin ehtiyaclarına cavab verən aydın və iddialı "Yeni Kollektiv Kəmiyyət Məqsədi" (NCQG) formalaşdırmaqdır.
NCQG 2015-ci ildə razılaşdırılıb, lakin iqlim dəyişikliyi ilə mübarizə səylərində dünyanın ən yoxsul ölkələrinə dəstək olmaq məqsədilə 2025-ci ilə qədər yenilənir.
E.Soltanov "İqlim Dəyişikliyi üzrə Paris Sazişinin bütün istiqamətləri üzrə kollektiv irəliləməyin" vacibliyini, eyni zamanda iqlim maliyyələşdirməsinin mərkəzi yer tutmaqla vurğulayıb.
E.Soltanovun sözlərinə görə, fikir ayrılıqlarını aradan qaldırmaq üçün "siyasi istiqamət" axtarışı aparılır.
"Yüksək səviyyədə müzakirələrə fokuslanmalı və siyasi qarşılıqlı fəaliyyəti gücləndirməliyik. NCQG-də bizi dəstəkləyən yeni nazir həmkarlarımızın vaxtını və sadiqliyini yüksək qiymətləndiririk", - E.Soltanov deyib.
Onun sözlərinə görə, bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizə yoluna müxtəlif nöqtələrdən başlayır və dekarbonizasiya, bərpa olunan sistemin qurulması və ədalətli keçidin təmin edilməsinə dair tələblər milli şəraitdən asılı olaraq dəyişəcək.
E.Soltanov qeyd edib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası ekspertlər qrupu (IPCC) temperatur və sıfır karbon emissiyaları ilə bağlı hesablamalarında karbohidrogenlərin dünya iqtisadiyyatındakı rolunu tanıyır.
11-22 noyabr tarixləri ərzində keçiriləcək COP29-a optimist yanaşan iqlim konfransının icraçı direktoru bunu qlobal əməkdaşlıq və iqlim üzrə fəaliyyət üçün "lakmus kağızı" olaraq görür.
"Azərbaycan tərəfləri bir araya gətirmək üçün səylərini əsirgəməyəcək. Konvensiyaya və Paris Sazişinə uyğun olaraq, COP29-a inklüzivlik və şəffaflıq şəraitində ev sahibliyi etməyə sadiqik. COP29-a dair görüşlərimiz vədləri yerinə yetirmək və temperaturu 1,5°C çərçivəsində saxlamaq üçün nəticələrə nail olmaqdır", - o deyib.