BAKI,TurkicWorld
Azərbaycan Mərkəzi Asiyanın yaşıl enerji potensialını Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə birləşdirən vahid enerji bağlantıları şəbəkəsinin yaradılmasını hədəfləyir.
TurkicWorld xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Regional enerji bağlantıları və yaşıl keçid: çağırışlar və imkanlar” mövzusunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, müasir geosiyasi və geoiqtisadi şəraitdə enerji bağlantılarının strateji əhəmiyyəti daha da artır. Onun sözlərinə görə, elektrik şəbəkələri, enerji saxlanc sistemləri və yaşıl enerji dəhlizləri XXI əsrin yeni enerji xəritəsinin əsas elementlərinə çevrilir.
Pərviz Şahbazov bildirib ki, rəqəmsallaşma və elektrikləşmə nəticəsində enerji tələbatının artması, bərpa olunan enerji mənbələrinin elektrik sistemlərinə inteqrasiyası və enerji təhlükəsizliyinin təmin olunması ölkələrarası elektrik bağlantılarının inkişafını prioritet istiqamətə çevirir.
Nazir vurğulayıb ki, Azərbaycanın enerji təhlükəsizliyi, yaşıl inkişaf və regional əməkdaşlıq istiqamətində həyata keçirdiyi siyasət ölkənin Avrasiyanın mühüm enerji və nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini gücləndirir.
Onun sözlərinə görə, əsas hədəflərdən biri Azərbaycanın, Naxçıvanın, Xəzər dənizinin və Mərkəzi Asiyanın böyük yaşıl enerji potensialını Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə birləşdirəcək şaxələndirilmiş enerji dəhlizlərinin yaradılmasıdır.
Energetika naziri “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin ümumi ötürmə gücünün 4 qiqavat təşkil edəcəyini bildirib. Qeyd olunub ki, layihə üzrə yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi, dəhlizin 2032-ci ildən mərhələli şəkildə istifadəyə verilməsi və 2040-cı ildə tam gücə çatdırılması nəzərdə tutulur.
Bildirilib ki, Azərbaycanı Macarıstanla birləşdirəcək bu enerji dəhlizi Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) Onillik Şəbəkə İnkişaf Planına daxil edilib. Layihənin Avropa İttifaqının Qarşılıqlı Maraq Doğuran Layihə statusuna daxil edilməsi üçün müraciət hazırlanır.
Pərviz Şahbazov qeyd edib ki, layihənin həyata keçirilməsi Avropanın enerji təchizatının şaxələndirilməsinə, təmiz enerji keçidinə və regionlararası iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.
Nazir digər regional enerji layihələri barədə də məlumat verib. O bildirib ki, “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin mayında tamamlanması, layihənin isə 2032-ci ildən fəaliyyətə başlaması planlaşdırılır.
Həmçinin “Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə Hökumətlərarası Sazişin COP31 çərçivəsində imzalanması nəzərdə tutulur.
Pərviz Şahbazov vurğulayıb ki, Naxçıvan üzərindən Azərbaycan–Türkiyə elektrik enerjisi bağlantısının inkişafı xüsusi strateji əhəmiyyət daşıyır.
Nazir bildirib ki, Azərbaycanın əsas məqsədi ayrı-ayrı enerji layihələrini birləşdirərək Mərkəzi Asiyadan Avropaya qədər uzanan vahid və şaxələndirilmiş yaşıl enerji bağlantıları şəbəkəsi yaratmaqdır.







