BAKI,TurkicWorld
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrəyə işgüzar səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib. Tərəflər ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti, Federal İqtisadi Məsələlər, Təhsil və Tədqiqat Departamentinin rəhbəri Gi Parmelen iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Görüşdə Azərbaycan-İsveçrə münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. İki ölkə arasında əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslandığı, tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğu vurğulanıb.
Tərəflər ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Hökumətlərarası Komissiya çərçivəsində yeni istiqamətlərin müəyyənləşdirilməsi, eləcə də humanitar əlaqələrin gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Səfər zamanı Mikayıl Cabbarov İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Andrea Rauber Saxer ilə də görüşüb.
Görüşdə iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində Azərbaycan hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası da keçirilib.
Komissiyanın həmsədrləri Mikayıl Cabbarov və Andrea Rauber Saxerin iştirakı ilə keçirilən iclasda Azərbaycan-İsveçrə iqtisadi tərəfdaşlığının prioritet istiqamətləri, ticarət və investisiya əlaqələrinin mövcud vəziyyəti nəzərdən keçirilib.
Tərəflər İsveçrə ilə əməkdaşlığın həm ikitərəfli əsasda, həm də beynəlxalq maliyyə qurumları çərçivəsində genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Sənaye, energetika, rəqəmsal iqtisadiyyat, innovasiya, kənd təsərrüfatı və turizm əməkdaşlığın perspektivli istiqamətləri sırasında göstərilib.
İclasda Azərbaycanın investisiya mühiti, strateji nəqliyyat bağlantıları, yaşıl enerji potensialı və rəqəmsal transformasiya sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafı üçün tətbiq olunan dövlət dəstəyi mexanizmləri də diqqətə çatdırılıb.
İclasın yekununda Azərbaycan hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasının Protokolu imzalanıb.







