Son dəqiqə

ABŞ COP29

COP29 Azərbaycanın alternativ enerji sahəsində liderliyini nümayiş etdirmək üçün fürsətdir - ABŞ Dövlət Departamenti

Bakı, TurkicWorld

2024-cü ilin noyabrından Azərbaycanda keçiriləcək COP29 ölkənin bərpa olunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində liderliyini nümayiş etdirmək üçün fürsətdir.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Azərbaycanda investisiya mühitinə dair hesabatında deyilir.

Materialda qeyd olunub ki, Azərbaycan həm quruda, həm də dənizdə külək və günəş enerjisinin inkişafı üçün böyük potensiala malikdir.

"Azərbaycan hökuməti 2030-cu ilədək elektrik enerjisi istehsalının ümumi quraşdırılmış gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faiz olmasını qarşısına məqsəd qoyub. Əsas diqqət günəş, külək və su elektrik stansiyalarına yönəlib, layihələrin həyata keçirilməsində xarici investorlar həlledici rol oynayır. 2023-cü ilin oktyabrında Azərbaycanda 230 meqavatt gücündə günəş elektrik stansiyası işə salınıb. Ölkə Xəzər dənizindən Avropaya "yaşıl" enerji dəhlizinin yaradılması üzərində fəal iş görür. Bərpa olunan enerji sektorunda rəqabət müsbət dəyişikliklərə, o cümlədən artan investisiya, innovasiya və sosial-iqtisadi faydaların artmasına imkan yarada bilər", - hesabatda deyilir.

Ənənəvi enerjiyə gəlincə, Dövlət Departamentindən bildiriblər ki, 2022-ci ilin iyununda Azərbaycan və Avropa Komissiyası 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya ixracını iki dəfə artırmaq üçün anlaşma memorandumu imzalayıb.

"2027-ci ilə qədər Azərbaycan Trans-Adriatik Boru Kəməri (TAP) ilə qaz nəqlini ildə 20 milyard kubmetrədək artırmağı planlaşdırır. 2023-cü ildə Azərbaycan Avropaya 11,8 milyard kubmetr qaz tədarük edib. Azərbaycan qazının demək olar ki, yarısını Avropa alır", - hesabatda deyilir.

ABŞ Dövlət Departamentindən qeyd ediblər ki, neft-qaz sektoru tarixən xarici investisiyaların daha böyük hissəsini cəlb etsə də, Azərbaycan hökuməti iqtisadiyyatını şaxələndirmək üçün dörd qeyri-neft sektoruna yönəlib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat/logistika.

"Azərbaycan hökuməti və analitiklər Azərbaycanın həmçinin Orta Dəhliz kimi tanınan multimodal Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda coğrafi cəhətdən əhəmiyyətli mövqeyindən istifadə etməyə davam edəcəyini gözləyir. Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə Çin və Avropa İttifaqının konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir. Azərbaycan dəmir yolu sisteminə investisiya qoyur və artan yük axınını idarə etmək üçün liman imkanlarını genişləndirib", - hesabatda deyilir.

Mövzuya görə xəbərlər