Son dəqiqə

Pakistan COP29

COP29-un Azərbaycanda keçirilməsi Pakistan üçün yaxşı imkanlar açır - Qaiser Navab

İslamabad, TurkicWorld

COP29-un Azərbaycanda keçirilməsi Pakistan üçün yaxşı imkanlar açır.

Bunu -TurkicWorld ə Dayanıqlı İnkişaf Naminə Bir Kəmər və Yol Təşəbbüsünün prezidenti Qaiser Navab deyib.

"COP29 təkcə fürsət deyil, həm də qlobal məsuliyyətdir. Biz həm də fəxr edirik ki, Azərbaycan bu tədbirə ev sahibliyi edəcək. Çünki biz yaxın qardaşlar olaraq Azərbaycanın uğurunu öz uğurumuz kimi qəbul edirik. COP29-a Azərbaycanın ev sahibliyi etməsi Pakistan üçün yaxşı imkanlar açır. Biz bu fürsətdən daha səmərəli istifadə edə bilərik", - o deyib.

Navab qeyd edib ki, Pakistan son vaxtlar iqlim dəyişikliyindən və ətraf mühitin pisləşməsindən ağır zərər görüb:

"İsti dalğaları qida təhlükəsizliyi problemi yaradır. Eyni zamanda, həddindən artıq yağış sel problemi yaradır. Evsiz milyonlarla insan və məktəbə gedə bilməyən milyonlarla uşaq var. Düşünürəm ki, Pakistan bu platformadan çox səmərəli istifadə edə bilər. COP29 prezidenti Muxtar Babayev Pakistana səfər edəndə onunla görüşmək və həmçinin, Pakistan gənclərinin bu barədə nə düşündüyünü ,gəncləri bu prosesə necə cəlb edə biləcəyimizi söyləmək imkanım oldu".

Navab bildirib ki, Muxtar Babayev əmin edib ki, gənclərin iqlim dəyişikliyi problemi haqqında danışmaq və bu qlobal işə dəstək nümayiş etdirmək üçün kifayət qədər imkanları olacaq.

"Biz COP29-da dünya ictimaiyyətinə problemlərimizi danışmaq üçün Pakistandan çox sayda gəncin Azərbaycana gələcəyini gözləyirik", - o əlavə edib.

Bundan başqa, Navab qeyd edib ki, iki ölkə arasında münasibətlər qarşılıqlı etimad, anlaşma, mədəni yaxınlıq və qardaşlığa əsaslanır.

"Niyə də bu qarşılıqlı qardaşlıqdan ticarət dövriyyəsini bir neçə milyon və milyardlardan çox artırmaq üçün istifadə etməyək?!", - o deyib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Mövzuya görə xəbərlər