Bakı, TurkicWorld
Noyabr ayında COP29-un Bakıda keçirilməsi dünya və Azərbaycan üçün çox önəmli bir addımdır. Bu konfrasın uğurla həyata keçəcəyinə ümid edirik.
TurkicWorld xəbər verir ki, bunu Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı Bakıda "Hüquq və iqlim" (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
O qeyd edib ki, dünyada iqlim dəyişikliyi gələcək üçün böyük problemdir.
"Hüquq iqlim və ətraf mühitlə bağlı məsələlərdə ən vacib vasitələrdən biridir. Türkiyə Konstitusiya Məhkəməsi ilqim və ətraf mühit mövzularında qərarlar qəbul edib. Azərbaycanda bu problemləri dilə gətirmək fürsəti əldə etdiyimiz üçün şanslıyıq. Bugünkü konfransın uğurla başa çatacağına ümid edirik", - deyə o bildirib.
Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə "Hüquq və iqlim" mövzusunda beynəlxalq konfrans keçirilir.
Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA) prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxslər iştirak edir.
Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır.
Konfransda "İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kiyoto, Doha və Paris əlavələri", "Iqlim dəyişikliyi və insan hüquqları: çağırışlar və hüquqi tənzimlənmə", "İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri", "İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst" və bir sıra digər mövzularda müzakirələr təşkil ediləcək.