Son dəqiqə

Hesablama Palatası Dünya Bankı

Bakıda INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısı keçirilir

Bakı. TurkicWorld:

Bakıda Hesablama Palatasının ev sahibliyi ilə INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısı keçirilir. Toplantıdan öncə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, güllər düzüblər. Sonra isə Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.

TurkicWorld xəbər verir ki, tədbiri giriş sözü ilə açan Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov İşçi Qrupun toplantısına ev sahibliyinin əhəmiyyətini vurğulayıb, dövlət maliyyəsinin idarəedilməsinin, o cümlədən dövlət borcunun idarəedilməsi sahəsində aparılan islahatların audit sahəsində əhəmiyyətli dəyişikliklərə təkan verməsindən bəhs edib. Eyni zamanda, sədr müavini beynəlxalq reytinqlərdə ölkəmizin son nailiyyətlərindən danışaraq bildirib ki, dövlət borcunun hesabatlılığın təkmilləşdirilməsi də ölkə mövqeyinin yaxşılaşmasına xidmət edib.

Daha sonra, tədbir INTOSAI-a hazırda rəhbərlik edən Braziliya AAO-nun sədr müavinin və İşçi Qrupun Katibliyinin rəhbəri Filippin AAO-nun sədrinin çıxışları ilə davam edib.

"Dövlət Borcunun qlobal çağırışlarına cavab" mövzusuna həsr olunan tədbirdə 27 ölkənin ali audit orqanı, həmçinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatı və UNCTAD təşkilatından olan ekspertlər iştirak edir.

Qeyd edək ki, toplantı zamanı beynəlxalq AAO ictimaiyyəti tərəfindən "Dövlət borcu və iqlim dəyişikliyi: seçilmiş hüquqi məsələlər", "Borc İdarəetmə İslahatlarının Koordinasiyası və Nəzarət", "Borc dayanıqlığı və borc dayanıqlığının qiymətləndirilməsi üzrə müxtəlif metodologiyalar haqqında anlayış", "Dövlət borcunun dayanıqlığı və risklərin idarə edilməsi", "Dövlət borcunun auditində AAO-ların rolu və çağırışlar" və s. mövzular ətrafında təqdimatların edilməsi, müvafiq mövzular üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, İşçi qrup dövlət borcunun düzgün idarə edilməsini və müvafiq sahədə hesabatlılığının gücləndirilməsini təşviq etmək məqsədilə ali audit orqanları üçün təlimat və digər informativ materiallar hazırlanması işini həyata keçirir. Eyni zamanda, İşçi Qrup üzvlər, tərəfdaşlar və maraqlı tərəflər arasında təcrübə, məlumat mübadiləsi və əməkdaşlıq vasitəsilə bilik və bacarıqları inkişaf etdirməkdə AAO-lara dəstək olur.

Mövzuya görə xəbərlər