Turizm uzunmüddətli dayanıqlılığa mühüm töhfə verir - Fuad Nağıyev

Turizm uzunmüddətli dayanıqlılığa mühüm töhfə verir - Fuad Nağıyev

Bakı. TurkicWorld:

Turizm həm məşğulluq, həm də gəlir mənbəyi kimi destinasiyaların uzunmüddətli davamlılığına və rəqabət qabiliyyətinə böyük töhfə verir.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Dövlət Turizm Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 9QDİƏT) təşkilatçılığı QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşündə deyib.

"Turizm ölkədə qeyri-neft sektorunun prioritet sahələrindən biri hesab edilir. Bundan əlavə, turizm həm məşğulluq, həm də gəlir mənbəyi kimi destinasiyaların uzunmüddətli davamlılığına və rəqabət qabiliyyətinə böyük töhfə verir. Əsas məqsədimiz Azərbaycanı turizm destinasiyası kimi tanıtmaq, turizm sahəsinin inkişafına nail olmaqdır", - deyə o bildirib.

Qeyd edək ki, Bakıda turizm təhsili sahəsində əməkdaşlıq, perspektivlər və problemlərin müzakirəsi məqsədilə QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü keçirilir.

Görüşdə QDİƏT-in 11 üzv dövlətinin, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukraynanın turizm üzrə aidiyyəti dövlət qurumlarının rəsmi nümayəndələri və turizm təhsili müəssisələrin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edir.

Dövlət Turizm Agentliyinin məlumatlarına görə, bu ilin yanvar-mart aylarında Azərbaycana 513 min 413 əcnəbi səfər edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən (369 min 72) 39 faiz çoxdur.