Son dəqiqə

Rəşad Cabirli MÜSİAD Azərbaycan

MÜSİAD İdarə heyətinin sədri Azərbaycan Sahibkarlar Konfederasiyasını ziyarət edib

Bakı,TurkicWorld

Azərbaycanda səfərdə olan MÜSİAD İdarə Heyətinin üzvü, Avrasiya və Sakit Okean Region Koordinatoru Mustafa Özgür Yücel və MÜSİAD İsveçrə Sədri Şeref Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli və İdarə Heyəti üzvü Alim Şentürk Azərbaycan Sahibkarlar Konfederasiyasını (ASK) ziyarət edib.

Bu haqda TurkicWorld-a MÜSİAD-dan daxil olan məlumatda deyilir.

Məlumatda qeyd olunur ki , görüşdə Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan və Türkiyə arasında iqtisadi ticarət əlaqələrinin bugünkü vəziyyəti, Türk, İslam dünyası ilə işbirliyi ilə bağlı hədəfləri qeyd edib.
Ölkə rəhbərlərinin bu istiqamətdə fəaliyyətinə diqqətçəkən Konfederasiya prezidenti Azərbaycan iqtisadiyyatının yeni bir mərhələyə keçdiyini, ərazi bütövlüyümüzün bərpa olunması nəticəsində iqtisadi inkişaf imkanlarının genişləndiyini vurğulayıb.

Eyni zamanda görüş zamanı Azərbaycanda çalışan xarici investorlar üçün yaradılan əlverişli şərait haqqında məlumat verib.
“Türk iş adamları bizim qardaşlarımızdır və birgə fəaliyyət göstərməyə, dəstək verməyə hazırıq”, – deyən Konfederasiya rəhbəri birgə üçüncü ölkələrdə çalışmaq təklifləri üzərində də işləməyi təklif edib.

Mustafa Özgür Yücel qəbula görə təşəkkür edərək, ötən il Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım üçün yaradılan Qardaş Köməyi platformasına verdiyi dəstəyə görə Məmməd Musayevə təşəkkürünü bildirib.

O, MÜSİAD – üzvlərinin Türkiyə iqtisadiyyatının 25%-ni əhatə etdiyini və 16 sektoral komitələrdə təmsil olunduqlarını söyləyib. Mustafa Özgür Yücel dünyanın 90 ölkəsində MÜSİAD təmsilçiliyinin mövcudluğunu və Konfederasiya ilə birgə fəaliyyətə hazır olduqlarını bildirib. MÜSİAD-ın İsveçrə rəhbəri Şeref Yıldız ölkəmizə əvvəlki səfərlərinə toxunaraq, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı təcrübə mübadiləsinə dəstək verə biləcəyini vurğulayıb.

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir.

Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması MÜSIAD Azərbaycanın rəsmi media partnyorudur.

Mövzuya görə xəbərlər