BAKI,TurkicWorld
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ABŞ-nin təzyiq və təhdidlərinə baxmayaraq, Tehranın uranı zənginləşdirmək hüququndan imtina etməyəcəyini və mövcud nüvə materialı ehtiyatlarını təhvil verməyəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Məhəmməd Eslami uranın zənginləşdirilməsini İranın dinc məqsədli nüvə sənayesinin ayrılmaz hissəsi adlandırıb. Onun sözlərinə görə, bu fəaliyyət Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT) çərçivəsində nəzərdə tutulan beynəlxalq nəzarət mexanizmlərinə uyğundur.
Eslami bildirib ki, ABŞ tərəfi uranın zənginləşdirilməsi məsələsini yenidən gündəmə gətirərək onun danışıqların əsas mövzularından birinə çevrilməsini istəyir.
“Uranın zənginləşdirilməsi məsələsi yenidən qaldırılıb və bunun danışıqların gündəliyinə daxil edilməli olduğu bildirilib. Lakin zənginləşdirmə nüvə prosesinin ayrılmaz hissəsidir”, – deyə İran rəsmisi vurğulayıb.
Atom Enerjisi Təşkilatının rəhbəri ABŞ-nin nüvə texnologiyalarına münasibətini də tənqid edib.
Onun sözlərinə görə, Vaşinqton nüvə texnologiyalarını özünün milli inkişaf, milli təhlükəsizlik və müdafiə siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
“Hətta amerikalılar öz milli inkişaf, milli təhlükəsizlik və milli müdafiə sənədlərində nüvə texnologiyalarını prioritet sahə kimi göstəriblər. Buna görə də irəli sürülən bu iddialar aldatma və yalandır”, – Eslami bildirib.
İran rəsmisinin açıqlaması Tehranın nüvə proqramı ilə bağlı mövqeyini dəyişmədiyini göstərir. İran uranın zənginləşdirilməsini dinc məqsədli nüvə fəaliyyətinin tərkib hissəsi hesab edir və bu hüququn məhdudlaşdırılmasına qarşı çıxır.
Bununla yanaşı, İranın nüvə proqramı, xüsusilə uranın zənginləşdirilməsi səviyyəsi və mövcud ehtiyatların gələcək taleyi Tehranla Vaşinqton arasında əsas fikir ayrılıqlarından biri olaraq qalır.







