BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətər İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəni “düşmən dövlət” adlandırmasına sərt reaksiya verib. Doha İsrailin Qətərə qarşı “qarayaxma kampaniyası” apardığını bildirib.
TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin kommunikasiya direktoru İbrahim Əl-Haşimi Dohada jurnalistlərə açıqlamasında İsrail rəsmilərinin Qətərə qarşı ritorikasını tənqid edib.
Əl-Haşiminin sözlərinə görə, Qəzzada baş verənlərdən sonra İsrail artıq özünü Yaxın Şərqdə “canlı demokratiya” və dünyanın “ən əxlaqlı ordusu” kimi təqdim edə bilmir. O bildirib ki, bu səbəbdən İsrail Qətərə qarşı qarayaxma kampaniyasına əl atıb.
Bu açıqlama Benyamin Netanyahunun İsrail mətbuatına müsahibəsində Qətəri “düşmən dövlət” adlandırmasından sonra səsləndirilib.
Əl-Haşimi Qətərin beynəlxalq səviyyədə etibarlı və prinsiplərə sadiq tərəfdaş olduğunu vurğulayıb. Onun sözlərinə görə, Qətərin Qəzzada və işğal olunmuş Fələstin ərazilərində vasitəçilik və humanitar fəaliyyətləri bütün dünya tərəfindən yaxşı məlumdur.
Qətər rəsmisi bildirib ki, İsrail rəsmiləri də Dohanın vasitəçilik və humanitar fəaliyyətindən xəbərdardır. O, İsrailin Qətərə qarşı səsləndirdiyi ittihamların ölkəni öz mövqeyindən geri çəkilməyə məcbur etməyəcəyini qeyd edib.
Əl-Haşimi Qətərin belə ritorikaya qarşı dözümlü olduğunu və daxili auditoriyaya hesablanmış açıqlamalardan təsirlənməyəcəyini bildirib.
Qətərin mövqeyinə görə, ölkənin Qəzza məsələsində əsas rolu humanitar yardımın çatdırılması və tərəflər arasında vasitəçilik səyləri ilə bağlıdır. Doha daha əvvəl də bölgədə gərginliyin azaldılması və diplomatik həll yollarının tapılması istiqamətində fəaliyyət göstərib.
İsrail və Qətər arasında münasibətlər son dövrdə xüsusilə Qəzza müharibəsi və bölgədə davam edən diplomatik proseslər fonunda gərgin olaraq qalır. Netanyahunun son açıqlaması isə iki ölkə arasında onsuz da mürəkkəb olan münasibətlərdə yeni siyasi mübahisəyə səbəb olub.







