BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ müdafiə naziri Pit Heqset İranın neftdaşıyan gəmilərinin bütün donanmasını hədəfə almaq imkanına malik olduqlarını bildirib. Onun sözləri ABŞ qüvvələrinin üç İran neftdaşıyan gəmisinə zərbə endirdiyini açıqlamasından sonra səslənib.
TurkicWorld xəbər verir ki, Heqset “X” sosial şəbəkəsində yazdığı paylaşımda İranın ABŞ hərbi gəmilərinə atəş açacağı təqdirdə neftdaşıyan gəmilərinin məhv ediləcəyini və batırılacağını bildirib.
ABŞ müdafiə naziri İranı ABŞ Hərbi Dəniz Qüvvələrinə qarşı hücumları dayandırmağa çağırıb.
Heqset İranın neftdaşıyan gəmilərdən ibarət donanmasının “müdafiəsiz” olduğunu iddia edib və ABŞ təyyarələrinin, hərbi gəmilərinin və sualtı qayıqlarının bu gəmiləri hədəfə ala biləcəyini bildirib.
Onun açıqlaması ABŞ Mərkəzi Komandanlığının İranın üç xam neft daşıyan gəmisinə zərbə endirdiyini açıqlamasından sonra verilib. ABŞ tərəfi hücumların İran İnqilab Keşikçiləri Korpusunun iki ABŞ hərbi gəmisinə ballistik raketlərlə hücumundan sonra həyata keçirildiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı gəmilərdən ikisinin sıradan çıxarıldığını, üçüncüsünün isə tamamilə məhv edildiyini açıqlayıb.
Heqsetin son açıqlaması Vaşinqtonla Tehran arasında dənizdə qarşıdurmanın daha da kəskinləşməsi fonunda səslənib.






