BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın xarici işlər naziri Abbas Əraqçi İordaniyanın xarici işlər naziri Eymən əs-Səfədinin açıqlamalarına cavab verərək Tehranın mövqeyini bildirib. Əraqçi İordaniyanı İran və ərəb ölkələrinin suverenliyinə hörmət etməməkdə ittiham edib.
TurkicWorld xəbər verir ki, Abbas Əraqçi “X” sosial şəbəkəsində paylaşım edərək Eymən əs-Səfədiyə ironik cavab verib. O, İordaniya da daxil olmaqla Yaxın Şərq ölkələrində yerləşən ABŞ hərbi bazalarından həyata keçirildiyini iddia etdiyi hücumlara İranın nə vaxta qədər cavab verməli olduğunu soruşub.
Əraqçinin açıqlaması Eymən əs-Səfədinin İranın ABŞ zərbələrindən sonra ərəb ölkələrinə qarşı həyata keçirdiyi sürətli hücumlarla bağlı fikirlərinə cavab olaraq verilib.
İordaniyanın xarici işlər naziri bildirib ki, İranın ərəb ölkələrinə qarşı hücumları cavab tədbiri kimi qiymətləndirilə bilməz və əvvəlcədən hazırlanmış siyasətin tərkib hissəsi olub.
Əraqçi isə ABŞ-nin İran vətəndaşlarının ölümünə səbəb olduğunu iddia etdiyi hücumların bəzi ərəb ölkələrinin ərazisindən həyata keçirildiyini bildirib.
İran xarici işlər naziri ABŞ-nin bölgədəki hərbi mövcudluğunu və müttəfiq ölkələrdə yerləşən bazaları tənqid edərək, Tehranın özünü müdafiə etmək hüququ olduğunu vurğulayıb.
Əraqçinin açıqlamaları ABŞ-İran qarşıdurmasının fonunda Tehran ilə bəzi ərəb ölkələri arasında yaranan diplomatik gərginliyin artdığını göstərir.







