BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İsrailin Livanın cənubuna davam edən hücumlarının mülki əhaliyə ciddi təsir göstərdiyini bildirib. Qurumun məlumatına görə, hücumlar bəzi sakinlərin evlərinə qayıtmasına mane olur, müəyyən ərazilərdə isə insanların yenidən yaşayış yerlərini tərk etməsinə səbəb olur.
TurkicWorld xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Babar Bəluç “Anadolu” xəbər agentliyinə açıqlamasında avqustun ortalarına olan məlumata əsasən, Livan ərazisində 350 mindən çox insanın hələ də köçkün vəziyyətdə olduğunu bildirib.
Bəluçun sözlərinə görə, təxminən 860 min nəfər əvvəl yaşadığı əraziyə və ya onun yaxınlığındakı yaşayış məntəqələrinə qayıdıb. Bununla belə, geri qayıdanların əhəmiyyətli hissəsi ciddi çətinliklərlə üzləşməkdə davam edir.
BMT rəsmisi bu səbəbdən həmin insanların geri dönüşünün davamlı və sabit hesab edilməməli olduğunu vurğulayıb. Mövcud təhlükəsizlik vəziyyəti onların yenidən köçkün düşməsi ehtimalını saxlayır.
Bəluç, həmçinin təxminən 23 min insanın hələ də müvəqqəti sığınacaqlarda yaşadığını açıqlayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Livanda əhalinin yerdəyişməsi ilə bağlı vəziyyəti yaxından izlədiyini bildirib. Qurum tərəfdaşları ilə birlikdə köçkünlərə, geri qayıdan sakinlərə və mövcud vəziyyətdən zərər çəkən yerli icmalara yardım göstərilməsini davam etdirir.






