BİŞKEK,TurkicWorld
Tacikistan Prezidenti Emoməli Rəhmon Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) məkanında iqtisadi artım zonalarının və Regional Rəqəmsal Aqroekoloji Platformanın yaradılması məsələsinin işlənib hazırlanmasını təklif edib.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, Rəhmon bunu Bişkekdə ŞƏT-ə üzv dövlətlərin başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, rəqəmsal iqtisadiyyatın, innovasiyaların və süni intellekt də daxil olmaqla yüksək texnologiyaların genişləndirilməsi təşkilata üzv ölkələrin uzunmüddətli inkişafına töhfə verir.
Ticarət-iqtisadi əməkdaşlığa toxunan Tacikistan Prezidenti, o cümlədən sənaye, energetika, nəqliyyat və tranzit, eləcə də kənd təsərrüfatı sahələrində bu əməkdaşlığa əlavə təkan verilməsinin zəruriliyini vurğulayıb. "Digər prioritet ticari-iqtisadi əməkdaşlıq qalmaqadadır ", - deyə Rəhmon bildirib.
Prezident həmçinin regional və qlobal enerji bazarlarında gərginliyi nəzərə alaraq energetika sahəsində fəaliyyətlərin əlaqələndirilməsinin gücləndirilməsinin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, həm ənənəvi energetikaya, həm də "yaşıl" transformasiya layihələrinin təşviqinə xüsusi diqqət yetirilməlidir. Dövlət başçısı ŞƏT İnkişaf Bankının təsis edilməsi məsələsində əldə olunan irəliləyişi alqışlayıb.
Təhlükəsizlik məsələlərinə toxunan Rəhmon qlobal geosiyasi ziddiyyətlərin və regional münaqişələrin güclənməsini, habelə terrorizm, ekstremizm, radikalizm və digər çağırışlardan irəli gələn təhdidlərin artmasını qeyd edib. "Bu baxımdan, Narkotiklərlə Mübarizə Mərkəzinin və Təhlükəsizlik sahəsində çağırış və təhdidlərə qarşı mübarizə üzrə Universal Mərkəzin fəaliyyətinə ən qısa zamanda başlanması real addım kimi çıxış edir", - deyə o bildirib.
Rəhmon, həmçinin Yaxın Şərqdə və İran ətrafında baş verənlər də daxil olmaqla, bütün regional və beynəlxalq münaqişələrin siyasi-diplomatik vasitələrlə həll edilməsinin zəruriliyini vurğulayıb.
Tacikistan Prezidenti qeyd edib ki, buzlaqların qorunması, su ehtiyatlarından səmərəli istifadə, torpaqların deqradasiyasının qarşısının alınması və ekoloji təhlükəsizliyin təmin edilməsi dayanıqlı inkişafın strateji vəzifələridir. O, Tacikistanın bu sahələrdə irəli sürdüyü beynəlxalq təşəbbüslərin gələcəkdə də dəstəklənəcəyinə ümidvar olduğunu bildirib.
Sonda Rəhmon Pakistanı ŞƏT-də sədrliyi qəbul etməsi münasibətilə təbrik edib və Lahorun 2026–2027-ci illərdə ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünü dəstəkləyib.






