BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir ordunun ciddi maliyyə çatışmazlığı ilə üzləşdiyini və bunun hərbi hazırlığa mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, İsrail qüvvələri eyni vaxtda bir neçə istiqamətdə yüksək hazırlıq vəziyyətində saxlanıldığı üçün maliyyə məsələsi xüsusi əhəmiyyət daşıyır.
TurkicWorld xəbər verir ki, Zamir İsrail ordusunun rəsmi məlumat vasitələrində yayımlanan açıqlamasında hazırda hərbi əməliyyatlarla yanaşı büdcə uğrunda da mübarizə aparıldığını deyib. O, ordunun və hərbi qulluqçuların bütün istiqamətlərdə ağır yük altında olduğu bir vaxtda “boş xəzinə” ilə üzləşməli olduqlarını vurğulayıb.
Zamirin sözlərinə görə, belə maliyyə vəziyyəti İsrail ordusunun hazırlıq səviyyəsinə birbaşa zərər vurur. Baş Qərargah rəisi mövcud təhlükəsizlik şəraitində ordunun maliyyə imkanlarının lazımi səviyyədə saxlanılmasının vacibliyinə diqqət çəkib.
O bildirib ki, İsrail ordusu İran və Livandan Qəzza zolağına və İordan çayının qərb sahilinə qədər müxtəlif istiqamətlərdə yüksək hazırlıq vəziyyətini qorumağa çalışır. Zamir qarşıdakı dövrdə qüvvələrin hazırlıq səviyyəsinin aşağı salınmayacağını da vurğulayıb.
İsraildə müdafiə xərcləri ilə bağlı mübahisələr bir müddətdir davam edir. Avqustun ortalarında yayılan məlumata görə, ordunun təcili ehtiyaclarının ödənilməsi üçün müdafiə büdcəsinə əlavə 20 milyard şekel ayrılması məsələsi gündəmə gətirilib.







