Son dəqiqə

İsrail Suriya İsrail ordusu Dəməşq Beynəlxalq hüquq İsrael Kats Ərazi bütövlüyü Suriya Xarici İşlər Nazirliyi Cəbəl əş-Şeyx

Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Suriya Xarici İşlər Nazirliyi İsrailin müdafiə naziri İsrael Katsın ölkənin cənubundakı Cəbəl əş-Şeyx bölgəsinə daxil olaraq İsrail qüvvələrinə baş çəkməsini qəti şəkildə pisləyib. Dəməşq bunu Suriyanın suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması adlandırıb.

TurkicWorld xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İsrael Katsın Suriya ərazisinə daxil olması qanunsuz addım kimi qiymətləndirilib.

Nazirlik bildirib ki, İsrailin müdafiə nazirinin beynəlxalq sərhədi keçməsi Suriyanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.

Dəməşq, həmçinin Katsın səfərinin beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olduğunu vurğulayıb.

Suriya tərəfinin fikrincə, İsrail rəsmisinin bu addımı 1974-cü ildə əldə edilmiş qüvvələrin ayrılması haqqında razılaşmanın tələblərini də pozur. Həmin razılaşma atəşkəs xətlərinə hörmət edilməsini və tərəflərin bu xətləri keçməməsini nəzərdə tutur.

Suriya Xarici İşlər Nazirliyi baş verənləri açıq təxribat kimi qiymətləndirərək İsrailin bu cür addımlarının təkrarlanmasına etiraz edib.

Dəməşq beynəlxalq ictimaiyyəti İsrailin Suriya ərazisindəki pozuntularının dayandırılması üçün zəruri tədbirlər görməyə çağırıb.

Suriya, həmçinin İsrail qüvvələrinin daxil olduqları Suriya ərazilərindən dərhal və tamamilə çıxmasını, 1974-cü ildə müəyyən edilmiş ayrılma xəttinə geri çəkilməsini tələb edib.

Mövzuya görə xəbərlər