Son dəqiqə

İran ABŞ İraq Bağdad Hörmüz boğazı Nizar Amidi

Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İraq Prezidenti Nizar Amidi ölkəsinin ərazisindən hər hansı başqa dövlətə hücum etmək üçün istifadə edilməsinə icazə verilməyəcəyini bildirib. O, İraq daxilindən bölgə ölkələrinə qarşı həyata keçirilən hücumların heç bir əsasının olmadığını vurğulayıb.

TurkicWorld xəbər verir ki, Nizar Amidi bu barədə VIII Bağdad Dialoq Konfransının ikinci günündə çıxışı zamanı danışıb. Prezident İraqın bölgədə davam edən müharibəyə cəlb edilməsinin qarşısını almağın ölkə üçün əsas məsələlərdən biri olduğunu bildirib.

“İraq ərazisindən bölgə ölkələrinə qarşı həyata keçirilən hücumların heç bir əsası yoxdur”, – Amidi bildirib. Onun sözlərinə görə, Bağdad ölkə ərazisinin digər dövlətlərə qarşı hərbi əməliyyatların başlanğıc nöqtəsinə çevrilməsini qəbul etməyəcək.

İraq prezidenti ölkədə silahlı birləşmələrin tərksilah edilməsi məsələsinə də toxunub. O bildirib ki, hazırda yalnız “iki və ya üç” silahlı qruplaşma silahlarını dövlətə təhvil verməyib və bu məsələ ilə bağlı danışıqlar davam etdirilir.

Amidi İraq Konstitusiyasının silahların yalnız dövlətin nəzarətində olmasını nəzərdə tutduğunu xatırladıb. Onun sözlərinə görə, Nəcəfdəki dini rəhbərlik də silahların yalnız dövlətin əlində cəmləşdirilməsini dəstəkləyir.

Prezident bölgədə davam edən müharibənin İraqa ciddi təsir göstərdiyini bildirib. “Hamı İraqın bölgədə davam edən müharibəyə sürüklənməsinin qarşısını almağa çalışır. Bu müharibənin nəticələri ölkəmiz üçün ağır olub”, – o qeyd edib.

Nizar Amidi Hörmüz boğazındakı vəziyyətə də toxunaraq böhranın yalnız İraqa deyil, bütün dünyaya təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, Bağdad boğazdakı “mürəkkəb problemlərin” həlli ilə bağlı Tehranla danışıqları davam etdirir.

İraq prezidenti ölkə neftini daşıyan bir neçə gəminin Hörmüz boğazından keçidinin təmin edildiyini də açıqlayıb. İraq neft ixracının təhlükəsiz və fasiləsiz davam etdirilməsi üçün İranla təmasları davam etdirir.

Amidi, həmçinin ABŞ-nin bölgədəki müharibənin başa çatdırılması üçün razılaşmanın əldə edilməsində maraqlı olduğunu düşündüyünü bildirib. O, Bağdadın regional qarşıdurmadan kənarda qalmağa və problemlərin siyasi-diplomatik yollarla həllinə çalışdığını vurğulayıb.

Mövzuya görə xəbərlər