Son dəqiqə

İsrail Suriya Dəməşq Hava zərbələri Əbu əz-Zuhur Əbu əz-Zuhur hərbi hava limanı Suriya Xarici İşlər Nazirliyi

Dəməşq İsrailin hücumlarına necə cavab verəcək?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Suriya Xarici İşlər Nazirliyi İdlib vilayətində yerləşən Əbu əz-Zuhur hərbi hava limanına endirilən İsrail hava zərbələrini kəskin şəkildə pisləyib. Dəməşq hücumları əsassız təcavüz, Suriyanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması, eləcə də bölgənin təhlükəsizliyini təhdid edən təhlükəli gərginlik kimi qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin bəyanatında İsrailin 8 dekabr 2024-cü ildən etibarən Suriya ərazisinə hücumlarını davam etdirdiyi bildirilib. Nazirlik Suriyanın bu müddətdə təmkin nümayiş etdirdiyini, sabitliyin möhkəmləndirilməsi və gərginliyin qarşısının alınması istiqamətində səy göstərdiyini vurğulayıb.

Dəməşq hesab edir ki, İsrailin davam edən hücumları Suriyanın sabitliyin təmin olunması istiqamətində atdığı addımlara mane olmaq məqsədi daşıyır. Nazirliyin fikrincə, belə hərbi əməliyyatlar bölgədə yeni gərginlik ocaqlarının yaranmasına və qeyri-sabitliyin daha da dərinləşməsinə səbəb ola bilər.

Suriya tərəfi Əbu əz-Zuhur hərbi hava limanına zərbələri ölkənin suverenliyinə qarşı növbəti pozuntu kimi qiymətləndirib və İsrailin hərbi əməliyyatlarının dayandırılmasının vacibliyini bildirib.

Əbu əz-Zuhur hərbi hava limanı Suriyanın şimal-qərbində, İdlib vilayətində yerləşir. Hava limanı ölkədəki uzunmüddətli silahlı qarşıdurmalar zamanı mühüm hərbi məntəqələrdən biri olub.

İsrail tərəfi Əbu əz-Zuhur hərbi hava limanına endirilən zərbələrlə bağlı hələlik rəsmi açıqlama verməyib.

Mövzuya görə xəbərlər